Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:50

İran Azərbaycanında tələbə etirazları və yeni həbslər davam edir


Mayın 9-da İran Azərbaycanın bir sıra şəhərlərində tələbə çıxışları olub
Mayın 9-da İran Azərbaycanın bir sıra şəhərlərində tələbə çıxışları olub

12 il bundan əvvəl mayın 9-da azərbaycanlı tələbələr İranın rəsmi telekanallarından birində azərbaycanlıları təhqir edən bir proqrama etiraz edərək müxtəlif universitetlərdə aksiya təşkil etmişlər. Bu nümayişlərin ildönümü münasibəti ilə hər il mayın 9-da tələbə çıxışları olur. Bu il isə şəhər və universitetlərdə «pis-hicablıqla mübarizə» məqsədi ilə həyata keçirilən tədbirlərin gücləndirildiyi bir halda bu kimi etirazlar da şiddətlənib.


Mayın 9-dan bəri Təbriz universitetində davam edən etirazlar İranın ümumiyyətlə senzuraya məruz qalan rəsmi mətbuatına da yol açıb. Mayın 12-də bu haqda İranın rəsmi tələbə xəbər agentliyi İSNA Təbriz universitetinin İslami Tələbə Cəmiyyətinin nümayəndəsinə istinad edərək belə yazır:


«Təbriz universitetinin Azərbaycanşünaslıq Ocağının ofisindən bəzi sənədlərin oğurlanması və tələbələrin mədəni fəaliyyətlərinə qarşı bir çox maneələr qoyulmasına görə mayın 9-da universitet binası qarşısında toplaşaraq mədəniyyət işləri üzrə məsullara qarşı öz etirazlarını bildiriblər».


İSNA xəbər agentliyinə müsahibə verən etiraz edən tələbələrin nümayəndəsi Hamid Mühəqqiq bildirib ki, İranın başqa universitetlərində tələbə təşkilatlarının seçkiləri azad şəkildə keçirildiyi halda Təbriz universitetində bu seçkilər yasaq edilib və buna etiraz edən tələbələr universitetin təhlükəsizlik orqanlarının təqiblərinə məruz qalıb.


Digər tərəfdən Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK)in sözçüsü Əlirza Quluncunun verdiyi məlumata əsasən həmin gün Urmiyə universitetində tələbələr arasında gizli şəkildə çap edilmiş Azərbaycan jurnal və qəzetləri yayılıb. Təhlükəsizlik idarəsi ETTELAAT-ın əməkdaşları isə dərhal bütün universiteti nəzarət altına alaraq bu kimi nəşriyyatı yayanları təqib etməyə başlayıb.


Ərdəbildə 9 may Tələbə Hərəkatı Gününün etirazları bir neçə gəncin həbsi ilə nəticələnib. Bunların bir neçəsi bir gün sonra azad edilib, bəzisinin isə hələ də həbsdə saxlanıldığı bildirilir. Tutulan tələbələrin adı dəqiqləşdirilməyib. «Amerikanın Səsi» radiosunun verdiyi məlumata əsasən Hüseyn Səbəbi adlı tanınmış Ərdəbil fəalı ETTELAAT tərəfindən istintaq edildikdən sonra ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Eyni zamanda Təbriz və Sulduz şəhərlərində iki Azərbaycan fəalı həbs edilib.


Mayın 8-də ETTELAAT qüvvələri Sulduz şəhərinin tələbə yataqxanasında yaşayan Elman Nurini nəzarət altına alıb. Onun Sulduzun ETTELAAT təcridxanasından Urmiyəyə aparıldığı bildirilir. Həmin gün digər Azərbaycan fəalı Fərrux Haşımzadə Təbrizin Şəhriyar bulvarında yerləşən mağazasında tutulub. Onun kompüter və disketləri də müsadirə edilib. Haşımzadənin harada saxlanıldığı bəlli deyil.


Bu arada Ərdəbil həbsxanasında saxlanılan tanınmış fəal Abbas Lisaninin may hadisələrinin il dönümü münasibətilə yazdığı son məktubu yayılıb. Abbas Lisani öz məktubunda Azərbaycan xalqının demokratiya uğrunda apardığı tarixi rolu və repressiyalara qarşı dinc mübarizənin davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq, may hadisəsinin ildönümü münasibəti ilə xalqı yeni dinc nümayişlər keçirməyə çağırıb.


2006-cı il may ayının sonunda İran Azərbaycanının bütün şəhərlərində azərbaycanlıları təhqir edən karikaturalara qarşı kütləvi etirazlar yüzlərlə insanın yaralanması və həbsi ilə nəticələnmiş, bu hadisələrdə ondan çox fəal həlak olmuşdu.


XS
SM
MD
LG