Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:55

BTC Gürcüstanın ümidlərini doğrulda bildimi?


Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Borjomi vadisində tikinti prosesi
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Borjomi vadisində tikinti prosesi

Gürcüstan rəsmiləri hər zaman deyib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ölkənin iqtisadi cəhətdən dirçəlməsinə, enerji təhlükəsizliyinin təmin olunması üçün bir vasitədir. Artıq 2 ildir neftin ötürülməsi başlansa da, bəzi iqtisadçı və QHT rəhbərləri belə hesab edirlər ki, BTC bu Cənubi Qafqaz ölkəsində öz real töhfəsini hələ də verməyib.


Gürcüstan prezidenti Mixail Saakaşvili dəfələrlə neft kəmərinin regionun inkişafında bir katalizator rolu oynadığını deyib. Saakaşvili hələ 2003-cü ilin sonlarında deyirdi ki, neft kəməri adi insanların rifah halını yüksəldəcək. Gürcüstan prezidenti işgüzar dairələrin qarşısında çıxışında belə demişdi: «Bu cür layihələr əvvəllər olduğu kimi ayrı-ayrı klanların deyil, hər bir Gürcüstan vətəndaşının marağına xidmət edəcək».


BTC neft kəməri artıq bir müddətdir ki, istismara verildiyindən, indi iqtisadçılar və bir sıra Gürcüstan QHT-i onun fəaliyyətinin nəticələrini araşdırır. Onlardan bəziləri belə hesab edir ki, adi vətəndaşlar neft kəmərinin istifadəsindən heç nə qazanmayıblar. İqtisadi siyasət və hüquqi məsələlər üzrə Gürcü-Avropa məsləhət mərkəzinin iqtisadi məsələləri üzrə eksperti Maykl Şmidin fikrincə, BTC Gürcüstan büdcəsinə çoxlu vəsait gətirsə də, ola bilsin ki, onun uzunmüddətli real əhəmiyyəti hələ də, cüzi qalır: «BTC bir o qədər də böyük olmayan tikinti bumuna səbəb olub, amma bu layihə bir o qədər də «sabit» layihə deyil. BTC istismara veriləndən sonra onun yerli iqtisadiyyatla əlaqəsi məhdud xarakter daşıyır».


Heç şübhəsiz ki, BTC boru kəməri son illər ərzində Gürcüstan büdcəsinin formalaşmasında mühüm rol oynayıb. İqtisadi siyasət və hüquqi məsələlər üzrə Gürcü-Avropa məsləhət mərkəzinin məlumatına görə, BTC və onunla bağlı təxsisatlara qoyulmuş kapital 2000-2006-cı illər ərzində Gürcüstana daxil olan birbaşa xarici investisiyaların 70 faizini təşkil edib.



Hesablamalara görə, 2006-cı ildə Gürcüstana BTC-dən ödənilən mənfəət vergisi 7,8 milyon dollar olub
Boru kəmərini BP şirkəti tikib və hazırda bu şirkətin başçılıq etdiyi konsorsium tərəfindən də istismar olunur. Baxmayaraq ki, tikinti və onunla bağlı kompensasiya işləri bir qədər əvvəlin işidir, amma BTC-yə indiyə kimi müəyyən ehtiyaclarla bağlı xeyli miqdarda pul ayrılır. Bura həm əlavə investisiyalar, istismar xərcləri, həmçinin qrantlar və sosial proqramlar da daxildir. BP-nin 2006-cı ilə olan illik hesabatına görə, bir il ərzində BTC-nin mənfəət vergisi 7,8 milyon dollar olub. İlkin hesablamalara görə, 2007-ci ildə kəmərdən daxil olan vergi ödəmələrinin həcmi isə 25 milyon dollar olacaq.

Rəsmi Tbilisi uzun müddətdir ki, bu neft kəmərinin iqtisadiyyatın digər sahələrinə də investisiya cəlb etmək üçün bir vasitə olduğunu iddia edir. 2004-cü ildə televiziya ilə çıxışı zamanı Gürcüstan prezidenti Saakaşvili qeyd etmişdi ki, BTC digər investisiyaların və xarici şirkətlərin ölkəyə cəlb olunmasına «şərait yaradır». Lakin Gürcüstanın iqtisadçı eksperti Qia Candieri hesab edir ki, boru kəmərinin xarici investisiyaları cəlb etməsi məsələsi açıq qalır. O deyir ki, ölkəyə 2006-cı ildə xarici investisiyaların cəlb edilməsi 2 dəfə artıb, bununla belə investisiyaların da əksəriyyəti-60 faizi BTC ilə bağlı müəssisələrə aid olub. «Mən hesab etmirəm ki, burada birbaşa əlaqə var. Neft kəmərini digər layihələr üçün maqnit qismində təqdim etmək düzgün deyil. Amma mən yenə də, hesab edirəm ki, bu layihə Gürcüstana investisiya qoyulmasında maraqlı olanlara bir növü təkan verib».


BP şirkətinin rəhbərliyi isə, BTC-nin digər şirkətləri cəlb etmək üçün bir vasitə olması fikri ilə razılaşmır. BP şirkətinin Gürcüstan üzrə ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Devid Qlendinninq deyir ki, şirkət investisiya forumlarında «öz iş təcrübəsi ilə bölüşür», amma buna baxmayaraq, BP daha çox Gürcüstanda təsərrüfatçılıq fəaliyyətinin yaradılmasında maraqlıdır.


İqtisadi siyasət və hüquqi məsələlər üzrə Gürcü-Avropa məsləhət mərkəzinin iqtisadi məsələləri üzrə eksperti Maykl Şmidin fikrincə, neft kəməri gürcülərin bir qismini stabil əmək haqqı ilə təmin etsə də, amma o, kütləvi surətdə iş yeri yaradan müəssisə deyil. Bu isə o deməkdir ki, layihənin Gürcüstan iqtisadiyyatına dolayı yolla, vətəndaşların güzəranına isə birbaşa təsiri rəsmi Tbilisinin BTC-dən daxil olan neft gəlirini necə bölüşdürməsindən asılıdır.


BP şirkətinin hesablamalarına görə, neft kəmərində tikinti işləri aparılan zaman bu işə 4 mindən çox Gürcüstan vətəndaşı cəlb olunmuşdu. Amma BTC kəməri boyunca yaşayan sakinlər, eləcə də, bir sıra QHT nümayəndələri, monitorinq aparan təşkilatlar deyir ki, tikinti gedən zaman çox az yerli sakin bu işə cəlb olunub. Bu isə bölgənin iqtisadiyyatının inkişafına bir o qədər də təsir etməyib.



«Bu cür layihələr əvvəllər olduğu kimi ayrı-ayrı klanların deyil, hər bir Gürcüstan vətəndaşının marağına xidmət edəcək»
BP-nin yerli ofisindən bildirirlər ki, onlar boru kəməri boyunca yaşayan ərazilərdə əhali üçün bir sıra sosial layihələr həyata keçirirlər. Bu layihələrdən biri də 2003-cü ildən reallaşan «Yeli cəmiyyəti investisiyalaşdırma proqramı»dır.

Proqram çərçivəsində bir il ərzində 4 milyon dollar dəyərində 14 min mikrokredit verilib. Ancaq kənd sakinləri mikrokredit proqramı barəsində də heç bir məlumatı olmadığını deyir.


BP tərəfindən Gürcüstan üçün hazırlanmış digər bir iddialı layihə isə əhaliyə 40 il müddətinə qrantların verilməsi proqramıdır. Bu layihə çərçivəsində isə BP şirkəti hökumətə iqtisadi inkişafın təmin edilməsi, o cümlədən Borjomi rayonunda məşğulluğun artırılmasını təmin etmək üçün pul ayırıb.


Lakin Gürcüstanın Gənc Hüquqşünaslar Birliyinin hesabatında qeyd olunur ki, ayrılan vəsaitin hansı istiqamətlərdə xərclənməsini dəqiq izləmək mümkün deyil. Çünki bütün vəsaitlər dövlət büdcəsinə gedir, hökumət isə hansı pulu bu və ya digər proqramlara xərclədiyi barədə hesabat verməyə məcbur deyil.


Nəzəri cəhətdən BTC kəməri boyunca yaşayan əhalinin əsas gəliri məhz torpaqlarından istifadə olunduğu üçün vətəndaşlara verilən pul kompensasiyaları olub. Amma bəzi QHT-in, o cümlədən «Yaşıl alternativ» adlı QHT-nin nümayəndələri hesab edir ki, bu məsələ ilə bağlı ödəmələr çox az, pul vəsaitinin verilməsi prosesi isə qarışıq olub.


BP şirkətinin Gürcüstan üzrə ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Devid Qlendinninqin sözlərinə görə, BP şirkəti torpaqdan istifadəyə görə 22 milyon dollardan çox kompensasiya ödəyib. Bu isə büdcəyə öncədən bu məqsədlərlə qoyulan vəsaitdən 2 dəfə çox olub.


«Yaşıl alternativ»in təsisçisi Manana Koçladze qeyd edir ki, ödəmə əməliyyatında bir sıra ciddi çatışmazlıqlar olub. Nəticədə isə bir çoxları aldıqları kompensasiyanı dayanıqlı biznesə çevirə bilməyiblər.


Qlendinninq etiraf edir ki, proqram lap əvvəldə həqiqətən də özünü doğrulda bilməyib. Amma tikinti işləri aparılan zaman daxil olan 4 min şikayətin yalnız yarısı torpaq kompensasiyasının ödənilməsi ilə bağlı olub. BP isə bu şikayətlərin 60 faizini həll edə bilib.


Tetriskaro kəndinin sakini Darço Poqosyan isə deyir ki, «Biz bilmirdik onlar bizə nə qədər pul ödəməlidirlər. Biz yalnız bizə verilən məbləği götürürdük və susurduq. Bu itə bir parça çörək atmağa bənzəyir. Onlar da bizimlə belə rəftar edib. Bizə bir az verdilər ki biz də susaq».


Eurasia.net


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG