Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

«Xural» qəzetinin redaktorundan izahat alınıb


Mayın 8-də «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov Rayon Şöbəsinə çağırılıb. Ondan Milli Təhlükəsizlik naziri Eldar Mahmudova Adolf Hitlerin əsərlərini çap etdirməsi ilə bağlı izahat yazması tələb olunub.


Qəzet redaktoru «Azadlıq» radiosuna bildirib ki, bir gün öncə axşam saat 22-də Bakının Nərimanov Rayon Prokurorluğu və MTN-in rayon şöbəsinin əməkdaşları «Xural» qəzetinin redaksiyasında axtarış aparıblar. Axtarış məhkəmənin qərarı əsasında olub. Məhkəmə qəzet redaksiyasında silah-sursat və yasaq ədəbiyyatın olması ehtimal edildiyi üçün axtarışa icazə verib.


Əvəz Zeynallının sözlərinə görə, axtarış vaxtı hüquq-mühafizə orqanlarının əməkdaşları Adolf Hitlerin «Mənim mübarizəm» əsərinin 12 nüsxəsini və faşist Almaniyası liderinə aid başqa kitabları müsadirə ediblər.


Gün ərzində əlaqə saxladığımız Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri, eləcə də Nərimanov Rayon Polis İdarəsi bu haqda məlumatsız olduqlarını bildiriblər.


2004-cü ildə «Mənim mübarizəm» əsərini çap etdirdiyinə görə, Əvəz Zeynallı haqqında cinayət işi qaldırılmışdı. Bir il sonra hüquq-mühafizə orqanları cinayət tərkibi olmadığından işə xitam vermişdilər.


XS
SM
MD
LG