Avropa Birliyinin rəhbərliyi Özbəkistanı sərt tənqid edib. Bu yaxınlarda Özbəkistanda iki jurnalist-- Gülbaxor Turayeva və Ümidə Niyazova uzun müddətə azadlıqdan məhrum ediliblər.
Avropa Birliyinin hazırkı sədri --Almaniya jurnalistlərin işinə dərhal yenidən baxmağı tələb edib.
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi «Azadlıq» radiosuna deyib ki, jurnalistlərin təqib olunması Özbəkistana qarşı sanksiyaların bərpasına gətirib çıxara bilər.
Aprel-may aylarında məhkəmə Turayeva və Niyazovanı hökumət əleyhinə fəaliyyətdə təqsirli bilib, onları müvafiq olaraq altı və yeddi il müddətinə azadlıqdan məhrum edib.
Jurnalistlər 2005-ci ilin mayında Əndicanda dinc nümayişlərin qəddarcasına yatırılmasından yazırdılar.