ANS televiziyasına lisenziya verilməsini alqışladıqlarını deyən cənab Lovenkron bildirib ki, bununla belə, ölkədə mətbuatın ümumi vəziyyətindən narahatlıq qalır. Onun bildirdiyinə görə, Elmar Hüseynovun qatilinin tapılmaması və jurnalistlərə qarşı hücumların qarşısının alınmaması qorxulu mühitin yaranmasına səbəb olub. Böhtana görə azadlıqdan məhrumetmələr isə müstəqil və tənqidi fikirlərin boğulmasına gətirib çıxarır.
Barri Lovenkron Azərbaycan hökumətini jurnalistlərə hücum edənlərə qarşı tədbir görməyə, böhtan iddialarına görə cinayət məsuliyyətini götürməyə, medianı isə peşəkar və etik jurnalistika standartlarını yüksəltməyə çağırır.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders də Mətbuat Azadlığı Günü ilə bağlı keçirdiyi qəbulda bildirib ki, Azərbaycanda beş jurnalistin həbsindən narahatdırlar. Səfir Ders qeyd edir ki, jurnalistlərə hədə-qorxu gələnlər, onları döyənlər və öldürənlər əvvəl-axır uduzacaqlar. Demokratik ölkədə məsuliyyətsiz jurnalistikanın heç vaxt mediaya təzyiq üçün səbəb ola bilmədiyini xatırladan səfirin verdiyi məlumata görə, bu yaxınlarda Azərbaycan-Amerika Jurnalistika Akademiyası yaradılıb. Həmin akademiya jurnalistlərə etik qaydaların yüksək standartlarını müəyyən etmək, obyektivlik və peşəkarlıq baxımından yardım etmək üçün seminarlar keçirəcək.
Yeni Akademiya Çingiz Mustafayev Fondu ilə birlikdə yaradılıb. Bu Fondun yaradıcısı – ANS televiziyasının təsisçilərindən olan Vahid Mustafayev bildirir ki, akademiya aprelin 30-dan fəaliyyət göstərir və hər altı aydan bir peşəkar qabiliyyətlərini təkmilləşdirmiş 30-40 jurnalistin informasiya vasitələrinə yönəldilməsinə çalışacaq.