Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:50

Azərbaycan «azad olmayan» ölkələr sırasına daxil edilib


K. Uolker: «Söz azadlığı baxımından Azərbaycan, Rusiya və Qazaxstanda vəziyyət oxşardır»
K. Uolker: «Söz azadlığı baxımından Azərbaycan, Rusiya və Qazaxstanda vəziyyət oxşardır»
«Freedom House» Azərbaycanı «azad olmayan» ölkələr sırasına daxil edib. Təşkilatın 2006-cı il hesabatında deyilir ki, Azərbaycan Konstitusiyası mətbuat azadlığına təminat verir, amma hökumət buna demək olar ki, əməl etmir. Sənəddə bildirilir ki, ölkədə mətbuat azadlığı getdikcə məhdudlaşır. «Diffamasiya haqqında» qanun layihəsi hazırlanıb, amma jurnalistləri böhtana, şərəf və ləyaqətin təhqirinə görə, iddialar əsasında 3 il azadlıqdan məhrum edirlər.

«Freedom House» xatırladır ki, keçən ilin sentyabrında «Realnı Azerbaydjan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə 2 il şərti iş kəsiblər və onu Daxili İşlər nazirinin şərəf və ləyaqətini təhqir etməkdə günahkar biliblər. «24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu da 1 il şərti iş alıb. «Milli yol»un redaktoru Şahin Ağabəylini isə Daxili İşlər naziri Ramil Usubovun şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə 1 illiyinə həbs ediblər. Amma sonradan prezident Şahin Ağabəylini əfv edib. «Azadlıq» qəzetinin bir neçə jurnalistinə hücumlar olub. Fikrət Hüseynlini maşınla oğurlayıb işgəncə veriblər. «Azadlıq» qəzetində satirik şeirlərlə çıxış edən Mirzə Sakiti isə narkotik maddə satmaq ittihamı ilə həbs ediblər. Amma jurnalistin özü deyir ki, ona qarşı ittiham qondarmadı.


Müstəqil mətbuat cəmiyyətdəki müxtəlif fikirlərə öz səhifələrində yer ayıra bilir, amma onun Bakıdan kənarda tirajı aşağıdır
«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevi də oğurlayıb fiziki təzyiqə məruz qoyublar və xəbərdarlıq ediblər ki, bir daha korrupsiya mövzusunda yazmasın.

«Freedom Hous» təşkilatının araşdırmalar üzrə direktoru Kristofer Uolker deyir ki, söz azadlığı baxımından Azərbaycan, Rusiya və Qazaxstanda vəziyyət oxşardır. «Əgər Rusiya, Qazaxstan və hətta Azərbaycanla bağlı hallara diqqət etsəniz maraqlı bir vəziyyət görərsiniz. Bu ölkələr zəngin təbii ehtiyatlara malikdirlər. Belə ölkələrdə mətbuatın azad olması bir neçə səbəbə görə vacibdir. Əvvəla, ona görə ki, azad media zəngin təbii ehtiyatların istifadəsinə məsul olan hökumət adamlarının qərarlarının düzgün olub-olmadığını aydınlaşdırmaq imkanına malikdir. Müəyyən edilə bilər ki, təbii ehtiyatlardan qazanılan pullar nə dərəcədə cəmiyyətin ehtiyacları üçün düzgün xərclənir. Belə ölkələrdə çox geniş yayılan korrupsiya var və azad media buna qarşı mübarizə vasitəsidir. Biz həmin ölkələrdə hökumətlərin azad medianın fəaliyyətini məhdudlaşdırmaq istiqamətində ciddi cəhdlərini müşahidə edirik».


«Freedom House» onu da deyir ki, Milli Televiziya və Radio Şurası keçən il ANS-ə lisenziya verməkdən imtina edib və hətta teleradio şirkətinin yayımı müvəqqəti dayandırılıb. Buna görə ANS-in FM tezliyində efir kirayələyən «Azadlıq», «Amerikanın səsi» və «BBC» radiolarının yayımı dayandırılıb.


Bundan başqa, «Turan» İnformasiya Agentliyi və «Azadlıq» qəzeti öz ofislərindən çıxarılıb. Yeni ofislərdə işlərini bərpa edənə qədər onların fəaliyyəti təxminən bir həftə iflic olub.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri isə tapılmayıb.



Baltik ölkələrini çıxmaqla keçmiş sovet respublikalarının 12-də mətbuat azadlığının vəziyyəti pisləşməkdə davam edir
«Freedom House» iddia edir ki, Azərbaycanda müstəqil və müxalifətlə bağlı media orqanları mövcuddur, özəl teleradio şirkətlərinin çoxu hökumətlə bağlı adamların nəzarətindədir. Müstəqil mətbuat cəmiyyətdəki müxtəlif fikirlərə öz səhifələrində yer ayıra bilir, amma onun Bakıdan kənarda tirajı aşağıdır. Yazılı mətbuatın böyük hissəsi dövlətin nəşriyyatlarında çap olunur. Özəl nəşriyyatların rəhbərlərinin də çox vaxt hökumətlə sıx əlaqələri olur. Hətta İctimai Televiziya da hökumətin siyasətinə uyğun hərəkət edir.


«Freedom House» deyir ki, müstəqil və müxalifət mətbuatının maliyyə vəziyyəti pisdir, çünki hökumət dövlət orqanlarının onlara reklam verməsinə qadağa qoyub, özəl şirkətlər isə yalnız dövlət mediası ilə əməkdaşlıq etmək imkanındadırlar.

«Freedom House» deyir ki, ümumilikdə Azərbaycanda internetə girişə məhdudiyyət yoxdur, amma yerli media xəbər verir ki, keçən ilin iyulunda populyar internet saytlarından birinə prezident haqqında satira verdiyinə görə, giriş qadağan olunub.


Ümumilikdə götürəndə dünyada mətbuat azadlığı ilə bağlı vəziyyət pisləşməkdədir. Bundan başqa, dünyada internet üzərində senzura yaratmaq cəhdləri artır. Xüsusən vəziyyət Cənub, Cənub-Şərqi Asiya ölkələrində, keçmiş sovet ölkələrində və Latın Amerikasında pisləşməkdə davam edir.


Tailand, Şri-Lanka, Pakistan, Filippin, Fici kimi ölkələrdə buna dövlət çevrilişləri, üsyançıların hücumları və fövqəladə vəziyyətlər səbəb olub. Çin və İran internetə nəzarəti ələ keçirməyə cəhd edirlər. Rusiyada isə hakimiyyət müstəqil medianın təsir dairəsini azaltmağa çalışır. Təşkilatın rəyinə görə, Baltik ölkələrini çıxmaqla keçmiş sovet respublikalarının 12-də mətbuat azadlığının vəziyyəti pisləşməkdə davam edir.


«Freedom House» deyir ki, dünya ölkələrinin 38 faizində mətbuat azaddır, 30 faizində qismən azad, 32 faizində isə Azərbaycan da daxil olmaqla «azad» deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG