İş elə gətirib ki, məhz mayın 1-də Gürcüstanda əhali üçün təbii qazın kubmetri 30 sent bahalaşıb. Bu addım xalqın qeyri-bayram ovqatını daha da artırıb. Müxtəlif sosial tələblərlə etiraz aksiyaları Rustavi, Kutaisi, Batumi və ölkənin bir sıra başqa şəhərlərində əvvəlcədən mayın 1-nə təyin olunub.
Tbilisidə bir neçə min adam qiymətlərin artırılmasının əleyhinə şüarlarla şəhərin mərkəzi küçələri ilə yürüş ediblər. Hökumətin istefası haqda şüarlar da səsləndirilib. Eyni zamanda, Yaşıllar Partiyasının təşəbbüsü ilə bir neçə müxalifət təşkilatı məhz Gürcüstanın İqtisadi və Struktur İslahatları naziri, tanınmış biznesmen Kaxi Bendukidzeyə qarşı yönəlmiş etiraz aksiyası keçiriblər. Onu ölkənin bütün meşələrini əcnəbi sahibkarlara satmaq niyyətində təqsirləndirirlər.
Parlament binası qarşısında da mitinq keçirilib. Aksiyanın iştirakçıları (müxalifət tərəfdarları) hökumətin istefasını tələb ediblər. Polis baş verənləri diqqətlə izləsə də, mitinqə müdaxilə etməyib.