Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:17

«Mənə diqqət olmadığından, özümü ölmüş hesab edirəm»


«Üzeyir bəy mənim üçün dünyanın ən əziz adamıdır. Onun sinfində 8 il oxumuşam»
«Üzeyir bəy mənim üçün dünyanın ən əziz adamıdır. Onun sinfində 8 il oxumuşam»

O, Üzeyir Hacıbəyovun tələbəsi olub. 40 ilə yaxın İncəsənət Universitetində dərs deyib. Yüzlərcə mahnının müəllifi olsa da, onun adı Azərbaycan incəsənəti tarixinə Şərqdə opera yazan ilk xanım kimi düşüb. Xalq artisti, bəstəkar Şəfiqə Axundova bu gün isə diqqətdən kənarda qaldığını deyir.


«1940-cı ildən bütün həyatımı Azərbaycan musiqi incəsənətinə həsr etmişəm. Musiqinin istər sadə, istərsə də mürəkkəb janrlarında yazıb yaratmışam»-deyən Şəfiqə Axundova mahnının xalq tərəfindən sevilməsini əsas göstərici hesab edir.


-Mahnılarınızı müxtəlif nəsillər oxuyub. Sizcə hansı nəsil sizin könülünüzcə ifa edə bilib?


-Orta nəsil ifaçılar məni daha çox qane edir. Nazpəri, Mətanət İsgəndərli, Gülyaz, Gülyanaq bacıları.


-Necə oldu ki, opera yazmaq qərarına gəldiniz?


-Həmin operanı mən 7 il ərzində yazmışam. Opera ən mürəkkəb sintetik janırdır. Həmin əsəri yazmağa məni Süleyman Rəhimov çox ruhlandırdı. «Gəlin qayası»nı 1971-ci ildə yazmışam. Həmin əsərdə simfonizmələ muğamın sintezi yaradılıb. Bu vaxta kimi də bizim operanın repertuarından düşməyib.


-İndi yazlan mahnılara münasibətiniz necədir?


-İndi mahnılar Üzeyir Hacıbəyovun sözü ilə desək, səmtini dəyişib. Bəzən elə mahnılar olur ki, mənim də xoşuma gəlir, bəzən isə heç başa düşmürəm. Mahnı da canlıdır. Onun vətəni, milliyyəti olmalıdır. Bir sözlə mahnı yazanda ehtiyatlı olmaq lazımdır.


-Ötən əsrin 40-cı ildən fəaliyyət göstərirsiniz. Amma fəxri adı gec aldınız…


-1998-ci ildə aldım. Mən buna heç əhəmiyyət vermirəm. Xalq məni bəstəkar kimi tanıyırsa, mahnılarım oxunursa, bu elə xalq tərəfindən mənə verilən qiymətdir.


-İndi gənc müğənnilər «Eurovision» müsabiqəsində iştiraka önəm verirlər. Sizcə bu kriteriyadırmı?


-«Eurovision» kriteriya deyil. Tutalım kimsə qalib oldu gəldi, nə olsun ki? Əsas məsələ milli musiqimizi dərindən bilən ifaçıların yetişməsidir. Mən çox sənətkarlar tanıyıram ki, heç bir fəxri ad almadan da, xalqın sevimlisinə çevriliblər.


-Üzeyir Hacıbəyov sizin üçün kim idi?


-Üzeyir bəy mənim üçün dünyanın ən əziz adamıdır. Onun sinfində 8 il oxumuşam. Bu qədər uzun ömür yaşamışam da, həyatımda onun kimi şəxsiyyətə rast gəlmədim. Mən ondan müharibə illərində təhsil almışam. Aclıq idi, kasıbçılıq idi... Bir gün çörək kartoçkamı itirmişdim. Çox ağlasam da, göz yaşlarımı silib dərsdə oturmuşdum. Üzeyir bəy maraqlandı və məsələnin nə yerdə olduğunu biləndə öz kartoçkasını mənə verdi. Üzeyir Hacıbəyov bax belə insan, belə şəxsiyyət idi.


-Bəs indi necə yaşayırsınız?


-Bir təhər gün-günə calayıram. Yeknəsəq günlərdir. Qocalıq məni əldən salıb. Qapımı açıb məni yada salan da yoxdu.


-Mahnılarınızı oxuyan müğənnilər sizi yad etmir?


-Yox. Mənim mahnılarımı toylarda da, restoranlar da oxuyurlar. Amma mənə qarşı heç bir diqqəti yoxdur. Mən insanlardan ancaq diqqət umuram. Mənə qarşı diqqət olmadığı üçün özümü ölmüş hesab edirəm. Sanki bu həyatda yaşamıram. Çox istəyirəm ki, mənim haqqımda düşünsünlər. Axı mən indi də yazıb-yaradıram.


-Hansı mahnınızı hərdən zümzümə edirsiniz?


-Bir mahnım var oğlum Talehə həsr etmişəm «Lay-lay» adında. O mahnımı çox sevirəm.


-Sizə can sağlığı arzulayırıq.


-Sağ olun diqqətinizə görə…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG