İki gün harada olduğu bilinməyən «Ekspres» qəzetinin müxbiri Elman Malıyevin Naxçıvandadır. Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən (MR DİN) «Azadlıq» radiosuna verilən məlumata görə, jurnalist aprelin 20-də «Ekspres» qəzetində «Culfada ailə faciəsi» başlıqlı yazısı ilə bağlı Naxçıvana aparılıb. Daxili İşlər Nazirliyinin iddiası ilə keçirilən Naxçıvan Şəhər Məhkəməsinin iclasında onun səhvini etiraf etdiyi bildirilir. Muxtar Respublikanın DİN-dən deyiblər ki, o, Bakıya yola salınıb.
«Ekspres» qəzetinin redaktoru Qalib İbrahimoğlu Elman Malıyev aprelin 25-i günorta saatlarına Səbayel rayon 39-cu polis bölməsinə çağırıldığını bildirib. Amma, günün sonunda redaksiya əməkdaşları dəfələrlə onun mobil telefonuna zəng vursa da, telefon sönülü olub. 39-cu polis bölməsindən də hər hansı məlumat verilməyib. Aprelin 26-da redaksiyaya özünü Naxçıvan MR DİN-nin əməkdaşı kimi təqdim edən bir nəfər zəng vurub və Malıyevin Naxçıvanda olduğunu bildirib.
Baş redaktor Naxçıvan DİN-dən qəzetə heç bir rəsmi çağırış gəlmədiyini deyir.
Azərbaycan DİN rəsmisi Ehsan Zahidov bildirib ki, müxbirin harada olması barədə onlarda məlumat yoxdur.