İsgəndər Cavadov, Hamlet İsaxanlı, Rauf Əliyev, Əli Rəsulov, Natiq Əliyev və Mübariz Pənahov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin (AFFA İK) üzvlüyündən çıxarılıblar.
Bu barədə qərar AFFA-nın aprelin 26-da keçirilən konfransında qəbul olunub. Assosiasiyanın Mətbuat Xidmətinin rəhbəri Mikayıl Quliyev «Azadlıq» radiosuna bildirib ki, həmin şəxslərin fəaliyyətinə xitam verilməsi qurumun Nizamnaməsinə uyğun olub: «Nizamnaməyə görə, İK-də olan şəxsin klubu fəaliyyətini dayandırarsa və yaxud klub həmin şəxsin təmisilçiliyindən imtina edərsə, şəxs İK-dan uzaqlaşdırılır».
Çıxarılanlardan biri İsgəndər Cavadov isə «Azadlıq» radiosuna bildirib ki, bu qərar qərəzlidir və onun AFFA rəhbərliyini tənqid etməsilə ilə bağlıdır.
AFFA İK-nin boş qalmış yerlərinə seçki 2008-ci il aprelin 28-də keçiriləcək. İsgəndər Cavadov, Hamlet İsaxanlı, Rauf Əliyev, Əli Rəsulov, Natiq Əliyev və Mübariz Pənahov AFFA İK-ya 2003-cü ildə üzv seçilmişdilər.