Danışıqlar prosesində Laçın və Kəlbəcər rayonlarının məsələsi birmənalı qoyulub. Ermənistan qoşunları bu rayonlardan da çıxmalıdır. Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib. Onun sözlərinə görə danışıqlarda Laçın və Kəlbəcərdən qoşunların çıxarılmasının dəqiq vaxtı da müəyyənləşdiriləcək. «Əlbəttə ki, Laçın və Kəlbəcərdən də qoşunlar çıxarılacaq. Özü də qoşunların oradan nə vaxt çıxarılmasının dəqiq vaxtı da müəyyənləşdiriləcək».
Cənab Məmmədyarov deyir ki, Azərbaycan tərəfi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qısa müddətdə çıxarılmasının mümkün olmadığını anlayır. Ona görə də qoşunlar həmin rayonlardan tədricən çıxarılacaq. Dağlıq Qarabağ danışıqlarında əsas prinsiplər razılaşdırıldıqdan sonra mütəxəssislər bu prosesin necə həyata keçirilməsinin vaxtını müəyyən edən cədvəl hazırlayacaqlar.
Amerikalı həmsədr aprelin 25-də «Amerikanın səsi»nə verdiyi müsahibəsində bildirib ki, Kəlbəcər və Laçının hansı şərtlər çərçivəsində qaytarılması ilə bağlı danışıqlar hələ davam edir və bu məsələdə razılaşmaya çox yaxınıq.