Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 00:52

Çernobıl qəzasından 21 il keçir


Ukrayna-Çernobıl Atom Elektrik Stansiyası 20 il sonra. 21 Aprel 2006-cı il
Ukrayna-Çernobıl Atom Elektrik Stansiyası 20 il sonra. 21 Aprel 2006-cı il

Bu gün Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan 21 il keçir. 1986-cı ilin aprelin 26-da stansiyanın 4 nömrəli reaktorunda partlayış olub. Hadisədən sonra radioaktiv bulud bütün Avropanı bürüyüb. Ukraynanın özündə, Belorusda, Rusiyada yaşayan 300 min adamı radiasiya təhlükəsinə görə yaşadıqları ərazidən köçürüblər.


«Greenpeace» təşkilatının məlumatına görə təkcə 1994-2000-ci ildə Çernobıl qəzasının təsiri nəticəsində şüalanmadan 200 mindən çox adam ölüb.


Qəzanın qalıqlarını aradan qaldırmaq üçün Sovet Azərbaycanından Ukraynaya heyət getmişdi. 7 mindən artıq azərbaycanlı Çernobıldan əlil kimi qayıdıb. Onların 3 minə yaxını vəfat edib.


Çernobıla gedəndən azərbaycanlılardan biri Əfqan Əliyev deyir ki, qəza baş verən AES-də işləyəndən 7 gün sonra hospitala düşüb. Həmin vaxtdan da sağlamlığını itirib. «Biz stansiyanın blokunda fasilə ilə 5 dəqiqə işləyirdik. Sonradan bildik ki, orada 2-3 dəqiqədən artıq işləmək olmaz. Çernobıla gedəndə 88 kilo olmuşam, qayıdanda 72 kilo idim. Qayıdandan sonra hər 6 aydan bir müalicəyə getmişəm. Ancaq bu qohumlarımın köməyi ilə olub. İndi qolumda şiş var, tərpədəndə çətinlik çəkirəm».


Əfqan Əliyev onlara ögey münasibətin olduğundan şikayətlənir. Deyir ki, müalicə üçün radiologiya mərkəzi yoxdur. «11 kvadratmetr sahəsi olan evdə yaşayıram. 1988-ci ildən ev növbəsindəyəm. Hələ də gözləyirəm».


Əfqan Əliyev kimi digər Çernobıl əlillərinin müalicəsi, sosial hüquqlarının təmin olunması ilə bağlı 1993-cü ildə prezident sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Çernobıl əlili ərizə ilə müraciət edəndən sonra bir il ərzində ona mənzil verilməlidir.


Xatırladaq ki, Çernobıl əlillərinin tək özləri yox, uşaqları da həmin qəzadan əziyyət çəkir. Məsələn, Qulam Xudiyev Çernobıldan gələndən sonra ailə qurub. Amma övladları xəstədir: «İndi bir qızım, bir oğlum qıcolmadan əziyyət çəkirlər».


Səhiyyə Nazirliyi bildirir ki, Çernobıl əlilləri səhiyyə müəssisələrinin nəzarətindədirlər və onların dərman təminatında güzəştlər var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Çernobıl qəzasında əlil olanlara ayda 60-70 manat təqaüd verilir. İldə bir dəfə isə müalicələri üçün 110 manat ayrılır.


Çernobıl əlili Əfqan Əliyev isə deyir ki, bu pul onun ailəsinin təkcə bir aylıq yeməyinə zorla çatır.
XS
SM
MD
LG