«Eynulla Fətullayev 1 saylı istintaq təcridxanasında təhqirlərə məruz qalır». Bunu aprelin 25-də Bayıldakı 1 saylı İstintaq Təcridxanasında «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevlə görüşən vəkil İsaxan Aşurov deyir. Aşurov bildirir ki, Eynulla Fətullayevin üst-başı görüşdən əvvəl və sonra yoxlanır. Bu da onun sözlərinə görə, beynəlxalq konvensiyalara ziddir. Çünki məhbus əsassız yerə dönə-dönə yoxlanılırsa, o, təhqir edilmiş sayılır.
Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin islah işləri və sosial müdafiə şöbəsinin rəisi Rafiq Ramazanov isə bildirir ki, məhbusların üzərinin yoxlanılmasında heç bir təhqir elementi yoxdur: «Məqsəd məhbusların qadağan olunmuş əşya saxlayıb-saxlamadığını müəyyənləşdirməkdir».
Cənab Ramazanov deyir ki, iki gün əvvəl o da Eynulla Fətullayevlə görüşüb, ancaq baş redaktorun hər hansı bir narazılığını eşitməyib.
Eynulla Fətullayev aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, öz yazılarında Xocalı sakinlərinin şərəf və ləyaqətini təhqir edən böhtan məlumatlar yaymaqda günahlandırılır.