Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:55

«Bizə etibar edin, çünki biz, Azərbaycana etibar edirik»


Mətyu Brayzə: «Gəlin, bütün bunları arxada qoyub danışıqlar prosesində irəliləyək»
Mətyu Brayzə: «Gəlin, bütün bunları arxada qoyub danışıqlar prosesində irəliləyək»

ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının qorunmasına dair 2006-cı ilin göstəriciləri barədə hesabatına etdiyi dəyişiklik rəsmi Bakının narazılığına səbəb olub. Hesabatın ilkin variantında rəsmi Vaşinqton «Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalını davam edir» ifadəsini «erməni qüvvələri Dağlıq Qarabağa bitişik Azərbaycan ərazisinin böyük hissəsini işğal edir. Ermənistan rəsmiləri Dağlıq Qarabağı «işğal» etmədiklərini bildirirlər» sözləri ilə əvəz edilib. Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti bu həftə Dövlət Departamentində keçiriləcək ikitərəfli təhlükəsizlik məsləhətləşmələrində iştirak etmək üçün ABŞ-a səfərini təxirə salıb.


Bununla bağlı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə AzərTAc-ın xüsusi müxbirinin suallarına cavab verib.


-Cənab Brayzə, Azərbaycandakı tərəfdaşlarınız məsləhətləşmələrdə iştirak etməyəcəklər...


-Azərbaycandakı dostlarımızı görməyəcəyimizdən təəssüflənirəm, xüsusilə də Araz Əzimovu. Biz, Belqradda çox yaxşı müzakirələr apardıq və doğrusu, mən onun Vaşinqtona gələcəyinə və qonağım olacağına ümid bəsləyirdim. Ona görə şəxsən özüm, təəssüflənirəm. Bununla yanaşı, rəsmi tərəfdən də təəssüflənirəm. Çünki bu danışıqlar mühümdür, təhlükəsizlik sahəsində Azərbaycanla tərəfdaşlığımızın dərinləşməsinə yönəlibdir. Vurğulamaq istərdim ki, bu, tərəfdaşlıqdır, ABŞ Azərbaycandan heç nə istəmir. İstəyimiz bir-birimizi dinləyib əməkdaşlıq vasitəsilə təhlükəsizliyimizi necə möhkəmləndirmək yolları aramaqdan ibarətdir. Bu baxımdan, təəssüfləndiricidir ki, məsləhətləşmələr təxirə salındı. Amma ümid edirik ki, yaxın zamanlarda baş tutacaqdır.


-İnsan hüquqlarının qorunmasına dair hesabata etdiyiniz dəyişikliklər Azərbaycan ictimaiyyətinin sərt münasibətinə səbəb olub və ABŞ-ın bitərəf vasitəçi kimi roluna şübhə ilə yanaşmağa vadar edibdir. Buna cavabınız nədir?


-Doğrusu, deməliyəm ki, bunu eşitmək məni üzür. İnsanların Dağlıq Qarabağla bağlı hər bir şeyə həssaslıqla yanaşmasını anlayıram. Elə mənim ölkəmdə də cəmiyyətin bir hissəsi Dağlıq Qarabağ məsələsinin hər bir aspektinə çox həssaslıqla yanaşır. Ona görə, bizim qərəzsizliyimizin sual altına alınması bir amerikalı kimi məni kədərləndirir. Məni neçə illərdir tanıyırsınız, bilirsiniz ki, Azərbaycanın dostuyam. Hesab edirəm ki, illər ərzində biz dəfələrlə nümayiş etdirmişik ki, bitərəfik və ədalətli vasitəçiyik. Məsələ ilə bağlı ötən illərin materiallarına nəzər salsanız, hətta bu gün Dövlət Departamentinin rəsmi səhifəsinə baxsanız görərsiniz ki, Azərbaycanın xəritəsində biz onun ərazi bütövlüyünü tanıyırıq. Xankəndi də Azərbaycanın tərkibində olmaqla tanıyırıq. Siyasətimizdə dəyişikliyin olduğuna dəlalət edən heç nə baş verməyibdir. İstərdim ki, biz bütün bunları geridə qoyaq və Azərbaycandakı dostlarımız bizim dostluğumuza etibar etsinlər.


-Cənab Brayzə, baş verənləri bir daha izah edə bilərsinizmi? Hesabatda dəyişikliyə nə səbəb olub? Əgər dediyiniz kimi, Vaşinqtonun Dağlıq Qarabağa dair mövqeyi dəyişməyibsə, onda ümumiyyətlə, düzəlişlərə lüzum var idimi?


-Hesabatın ilkin variantındakı bəyanat düzgün deyildi. Dağlıq Qarabağ üzrə danışıqların hazırkı mərhələsini nəzərə alaraq, bu, bizim səhvimiz idi. Gəlin, bir daha baxaq, düzəlişdə deyilir ki, erməni qüvvələri əraziləri işğal ediblər, lakin Ermənistan rəsmiləri Dağlıq Qarabağı işğal etmədiklərini bildirirlər. Gördüyünüz kimi, biz sadəcə, Ermənistan tərəfinin dediklərini göstərmişik. Hazırda biz Dağlıq Qarabağa dair sülh prosesinin elə bir mərhələsindəyik ki, tərəflər Dağlıq Qarabağın gələcək statusuna dair danışıqlar aparır. Bu status Minsk qrupunun vasitəçiliyilə sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları kimi beynəlxalq prinsiplər əsasında müəyyənləşəcəkdir. Ona görə biz hesabatın ilkin variantında olduğu kimi səhvən desək ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, bu bəyanat, status üzrə danışıqların nəticəsini əvvəlcədən qabaqlamış olar. Biz bu nəticəni müəyyənləşdirə bilmərik, nəticə danışıqlar prosesində əmələ gəlməlidir. Ona görə, bir daha deyirəm ki, biz səhv etmişdik. Səhvimizi düzəltdik. Bir də onu qeyd edim ki, biz, heç kimin təsiri altına düşməmişik. Bəziləri deyirlər ki, biz hansısa diaspor qruplarının təzyiqi ilə bunu etmişik. Bu, belə deyildir. Fikrimi yekunlaşdıraraq, bir daha təkrarlayıram: səhvimizi boynumuza götürüb onu düzəltmişik. Bitərəf olmaq üçün səhvimizi düzəltməliydik. Biz sizin dostunuzuq. Şon MakKormakın da dediyi kimi, siyasətimizdə heç bir dəyişiklik baş verməyibdir. Mövqeyimizi bilmək üçün Dövlət Departamentinin səhifəsində Azərbaycanın xəritəsinə baxın.


-Cənab Brayzə, məncə, Azərbaycan tərəfinin narahatlığını başa düşmək olar. Son illər ərzində Vaşinqton Azərbaycan torpaqlarının işğalına dair mövqeyini yumşaldıbdır. Məsələn, İnsan hüquqlarının qorunmasına dair hesabatın əvvəlki buraxılışlarını təhlil etsək görərik ki, ötən il siz «erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinin 16 faizini işğal altında saxlamasından» danışırdınızsa, bu gün «Dağlıq Qarabağa bitişik Azərbaycan ərazisindən» danışırsınız. Halbuki, faktlar dəyişməz qalıbdır. Terminologiyada bu cür dəyişikliyi nə ilə izah edərsiniz?


-Sualınızın qoyuluşu çox doğrudur. Bunun səbəbini başa düşürəm. Bizim niyyətimiz budur ki, Qarabağın statusuna gəldikdə ermənilərin nə dediyini göstərək, onu ifadə edək ki, status birgə danışıqlar vasitəsilə müəyyənləşdirilməlidir. Dediklərimizdə çox ehtiyatlı olmağa çalışırıq. Dərin təəssüf doğuran odur ki, bizim belə ehtiyatlı olmamız azərbaycanlı dostlarımız arasında narahatçılığa səbəb olubdur. Buna görə mən üzr istəyirəm. Bununla yanaşı, həm sizi, həm də onları əmin etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyünü tanımamız barədə siyasətimizdə heç bir dəyişiklik baş verməyibdir.


-Dövlət Departamentinin rəsmi hesabatlarına dəyişiklik etməsi əvvəllər baş veribmi?


-Nadir hallarda. Lakin hazırda biz həm də Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzrə danışıqların nadir məqamındayıq. Belə dəyişikliyin təcrübədə nə qədər tez-tez olduğunu deyə bilmərəm. Doğru düşünürsünüz, çox nadir hallarda olub. Lakin danışıqların hazırkı məqamı da nadirdir. Məncə, biz bir-birimizin dostluğuna etibar etməliyik. Elə bilirəm ki, Azərbaycana etibarlı dost olduğumuzu dəfələrlə nümayiş etdirmişik və bir-birimizə ehtiyacımızın olduğunu anlayırıq. Gəlin, dostluğumuza etibar edək, bütün bunları arxada qoyub danışıqlar prosesində irəliləyək. Bizə etibar edin, çünki biz, Azərbaycana etibar edirik.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG