ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti aprelin 24-də Bakıya gözlənilmədən səfər edib.
«Xəbər-ətər» verilişinin qonağı olan Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Arzu Abdullayevanın sözlərinə görə, Mikloş Haraştinin planlaşdırılmamış səfəri ölkədə medianın son durumu ilə bağlıdır. «Bu gün artıq hüquq müdafiəçilərinin cənab Haraşti ilə görüşünün vaxtı dəqiqləşib». Xanım Abdullayeva bildirib ki, ATƏT rəsmisi ilə Eynulla Fətullayevin həbsi, «Gündəlik Azərbaycan» qəzetinin əməkdaşı Üzeyir Cəfərovun döyülməsini və bu gün Rauf Arifoğluna qarşı başlanması gözlənilən məhkəmə məsələləri müzakirə ediləcək.
Cənab Haraşti Azərbaycanda son dövrlər mətbuatın vəziyyəti ilə bağlı aprelin 23-də bəyanat verib. ATƏT rəsmisi həbsləri və jurnalistlərin döyülməsi pisləyib. Bəyanatda deyilir: «Azərbaycanda mətbuat azadlığı hakimiyyətin getdikcə artan təzyiqləri altındadır. Eynulla Fətullayevin həbsi ilə həbs olunan jurnalistlərin sayı 5-ə yüksəlib. Təəssüflər olsun ki, bütün bu işlər özbaşına, siyasi motivli ittihamlar əsasında olub və məhkəmələrin çıxardığı qərarlar azad mətbuat prinsiplərinə ziddir».
Cənab Haraşti Üzeyir Cəfərovun döyülməsini həyəcan doğuran «inkişaf» adlandırıb.
ATƏT rəsmisi ölkədə azad mətbuatın vəziyyətini dövlət rəsmiləri ilə də müzakirə edəcək. O, həmçinin aprelin 26-sı və 27-də İslam Konfransı Təşkilatının «Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu» mövzusunda beynəlxalq konfransda iştirak edəcək.