Aprelin 20-də Yasamal Rayon Məhkəməsində İsa İsmayılovun sədrliyi ilə Eynulla Fətullayevin məhkəmə prosesi davam edib. Eynulla Fətullayevin 3 il müddətində azadlıqdan məhrum edilməsi istənildi. İddiaçı Cinayət Məcəlləsinin 147-ci maddəsinin ikinci bəndinə istinad edərək, bildirir ki, Eynulla Fətullayevin «Qarabağ gündəliyi» məqaləsində xocalıların və Azərbaycan ordusunun şərəf və ləyaqəti təhqir olunub.
Vəkil İsaxan Aşurov müdafiə çıxışda bildirdi ki, jurnalistin yazdığı məqaləyə görə, həbs edilməsi beynəlxalq konvensiyalara ziddir. Vəkil dedi ki, jurnalist yazısına görə, həbs edilərsə, bu Azərbaycanın imicinə zərbə ola bilər.
Məhkəmə heyəti məşvərətə gedib. Sonra hökm oxunub. Eynulla Fətullayev 2 il 6 ay azadlıqdan məhrum olunub və elə məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə özlərini Xocalı sakinləri kimi təqdim edənlər prosesin gedişinə mane olduqları üçün onlardan bir neçəsini hakim zaldan kənarlaşdırıb.
Yasamal Rayon Məhkəməsinin binası qarşısına özlərini Xocalı sakinləri kimi təqdim edənlər toplaşmışdılar. Eyni zamanda «Dalğa» Gənclər Hərəkatının üzvləri Eynulla Fətullayevə dəstək aksiyası keçiriblər.
Məhkəmənin ətrafında çoxsaylı polis qüvvələri toplaşıb.
Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladze «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin Xocalı faciəsi qurbanlarını təhqir etdiyini iddia edir. Fətullayev isə bunu hakimiyyətin sifarişi kimi qiymətləndirir.