Avropa Şurası Parlament Assambleyası (AŞPA) «Ukraynada demokratik institutların fəaliyyəti» adlı qətnamə qəbul edib. AŞPA üzvlərindən 107-i sənədin lehinə, 5 nəfər isə əleyhinə səs verib.
198 maddədən ibarət qətnamədə AŞPA Ukraynada son aylar baş verən siyasi hadisələrdən narahatlıq bildirir.
Assambleya hesab edir ki, hazırkı böhran 2004-cü ildəki natamam və tələsik siyasi islahatların nəticəsidir. Belə ki, həmin vaxt Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmadan, ölkədə aydın ictimai müzakirələr aparılmadan konstitusiyaya çoxlu dəyişikliklər edilib.
Sənəddə deyilir ki, növbədənkənar seçkilər Avropa Şurasına üzv bütün ölkələrdə normal praktikadır və böhrandan çıxmaq üçün siyasi kompromisin həlledici tərkib hissəsi kimi təqdir edilə bilər.
Lakin AŞPA Ukraynada növbədənkənar seçkiləri tənzimləyən hazırkı qanunvericiliyi qeyri-kafi hesab edir. Odur ki, AŞPA Venesiya Komissiyasından xahiş edir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün mövcud qanunvericilik bazasının yaxşılaşdırılması yollarını təklif etsin. Qətnamənin sonuncu bəndində deyilir ki, Assambleya hazırkı böhranı aradan qaldırmaq üçün Ukraynaya yardım etməyə hazırdır.