Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 04:15

Məcburi köçkünlər Binəqədidən çıxarılır


Məcburi köçkünlərin çıxarılacağı ərazilərdə yeni metro stansiyaları tikiləcək
Məcburi köçkünlərin çıxarılacağı ərazilərdə yeni metro stansiyaları tikiləcək

Binəqədi rayonunda-7-ci və 8-ci mikrorayonların kəsişdiyi ərazidə məskunlaşan məcburi köçkünlər oradan çıxarılır. Aprelin 16-sı səhərdən başlayaraq polis ərazini nəzarətə götürüb.


Əksəriyyəti Xocəvənd rayonundan olan 60-a yaxın ailənin yaşadığı bu yerdə metronun yeni stansiyasının tikintisi nəzərdə tutulur. Məcburi köçkünlər onlara başqa yer təklif olunmadığını bildirirlər.


Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə deyir ki, məcburi köçkünlər həmin ərazidə 2002-ci ildə qeyri-qanuni olaraq məskunlaşıblar. «Onların oradan çıxarılması zəruridir. Çünki, ora metronun «Azadlıq» stansiyasının ərazisidir. Stansiya mütləq tikilməlidir. Bu barədə məcburi köçkünlərə dəfələrlə xəbərdarlıq edilib». Metropolitenin rəhbəri deyir ki, artıq dövlət vəsait ayırıb və ərazidə hazırlıq işləri görülür.


Tağı Əhmədovun sözlərinə görə Binəqədi rayonunda gələcəkdə boşaldılması nəzərdə tutulan başqa bir ərazi də var. Bu, «Xətai» və «Memar Əcəmi» xəttinin DEPO-sunun yeridir. «Bu DEPO eyni zamanda vaqonların təmir bazası olacaq. Orada məcburi köçkün kimi məskunlaşanların sayı daha çoxdur. Onlar da oradan çıxarılacaq». Cənab Əhmədov deyir ki, həmin ərazi 1989-cu ildə metropolitenə verilsə də, vəsait olmadığından tikinti aparılmayıb.


Tağı Əhmədov bildirir ki, 2010-cu ildə DEPO-nun tikintisinə başlanması nəzərdə tutulur. Onun istifadəyə verilməsi isə 2012-ci ilə planlaşdırılır.


Metropolitenin rəisinin sözlərinə görə 2008-ci ildə «Zərifə Əliyeva» stansiyası, 2009-cu ildə isə indi məcburi köçkünlərin çıxarıldığı ərazidə «Azadlıq» stansiyası istifadəyə veriləcək.


XS
SM
MD
LG