Aprelin 14-də Moskvanın mərkəzində «Başqa Rusiya» koalisiyası «Razılaşmayanların yürüşü»nü təşkil etməli idi.
Müxalifət tərəfdarları yürüşü Puşkin meydanından başlamağı planlaşdırırdılar. Meydanın girəcəyində milis 250-dək adam saxlayıb. Bu haqda hüquq-mühafizə orqanlarına istinadən «RİA Novosti» agentliyi xəbər verir. Tutulanların əksəriyyəti sonradan buraxılıb.
Saxlananlar arasında Birləşmiş Vətəndaş Cəbhəsinin lideri Harri Kasparov və bir neçə KİV nümayəndəsi də var.
Moskva Helsinki Qrupunun rəhbəri Lyudmila Alekseyeva paytaxt hakimiyyətinin hərəkətlərini «insan haqlarının kobud pozulması» adlandırıb: «İnsanları saxlamaqla hakimiyyət razı olmayanların sayını azaltmağa çalışır, amma əslində, onların sayını yalnız artırır. Eyni zamanda, heç kim deyə bilməz ki, «Razılaşmayanların yürüşü»nün iştirakçıları tərəfindən hansısa zorakılıq olub. Bu, dinc aksiyadır » – deyə hüquq müdafiəçisi bəyan edib.
Aprelin 14-də Moskvada bir neçə icazəli mitinq də olub.
Vorobyovıye Qorı meydanında hakim «Vahid Rusiya» Partiyasının gənclər qanadı – «Gənc Qvardiya»nın mitinqi keçirilib.
Aksiya iştirakçıları «Razılaşmayanların Yürüşü»nü keçirməyə çalışan müxalif «Başqa Rusiya» koalisiyasını pisləyiblər.
Mitinqdə 15 minədək insanın iştirak etdiyi bildirilir.