Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:00

«Hakim partiyada nəsil dəyişikliyi...»


«Dəyişikliklər katalizatoru» ola biləcək yeganə şəxs Fərhad Əliyevdir. Amma o, həbsdədir»
«Dəyişikliklər katalizatoru» ola biləcək yeganə şəxs Fərhad Əliyevdir. Amma o, həbsdədir»
Azərbaycanın hakim partiyasıyla bağlı sensasion hadisələr seriyası ondan xəbər verir ki, prezident İlham Əliyev bu Cənubi Qafqaz ölkəsinin hakimiyyəti üzərində nəzarətini möhkəmləndirməyə çalışır. Bu haqda «Eurasia View» internet məcmuəsi yazır.

Bəzi müstəqil politoloqlar hesab edirlər ki, son hadisələr prezidentin hakim partiyanın köhnə qvardiyasını gənc funksionerlərlə əvəzlənməsinə dair fikirləşdiyi planın tərkib hissəsidir.


Politoloq və hüquqşünas Ələsgər Məmmədli deyir ki, Əliyev artıq üç ildir hakimiyyətdədir. Əslində, əlində kifayət qədər hakimiyyət cəmləşdirdikdən sonra o, özündə atasının keçmiş tərəfdaşlarını rəhbərlikdən kənarlaşdırmaq gücünü hiss edir.


«Sirus Təbrizli, Əli İnsanov və Hüseyn Abdullayev kimi insanlar əmin idilər ki, prezident onlara möhtacdır. Amma İlham Əliyev belə asılılıqdan sıxılır və onları özünə sadiq insanlarla əvəz edir», – deyə Məmmədli bildirir.


Martın 31-də «Today.az» saytında dərc olunan məqalədə son hadisələr sadəcə, «hakim partiyada nəsil dəyişikliyi» adlandırılır.


«2003-cü ildə prezident seçildikdən sonra prezident İlham Əliyevdən radikal kadr dəyişiklikləri gəzləyənlər islahatların asta gedişindən məyus idilər»,- deyə məqalədə bildirilir: «Prezident gözləyirdi ki, zamanın axını və ölkə daxilində yüksələn siyasi proses onun kadr siyasətini formalaşdırsın».


Məmmədli yaxın gələcəkdə İlham Əliyevin hakim elitanın ciddi müqaviməti ilə üzləşəcəyini inandırıcı saymır. O, bunu belə izah edir ki, prezidentin potensial rəqiblərindən ən təhlükəliləri, o cümlədən İnsanov, Abdullayev və Fərhad Əliyev artıq onun yolundan kənarlaşdırılıblar: «Keçmiş prezident Heydər Əliyev heç vaxt öz komandasında parlaq və güclü şəxsiyyətlər saxlamayıb. Bu insanlar bugünkü Azərbaycanda ciddi siyasi lider olmaq iqtidarında deyillər. Ən təhlükəliləri – Fərhad Əliyev, Əli İnsanov və Hüseyn Abdullayev dustaq ediliblər. Siyasi hakimiyyətlərini itirən digərlərinin əksəriyyəti heç olmasa, azadlıq və kapitallarını qoruyub saxlamağa çalışacaqlar».


Müstəqil politoloq İlqar Məmmədov isə hesab edir ki, lap əgər Yeni Azərbaycanın sıralarında parçalanma baş versə belə, anti-prezident fraksiyasına dəstək almaq və Əliyev hakimiyyətinə meydan oxumaq çətin olacaq. «Hakim partiyadan nəzəri baxımdan «dəyişikliklər katalizatoru» ola biləcək yeganə şəxs Fərhad Əliyevdir. Amma o, həbsdədir», - deyə Məmmədov vurğulayır.


XS
SM
MD
LG