Aprelin 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Yerevandakı nümayəndəliyi Ermənistanda saxlanan Azərbaycan əsgəri Samir Məmmədovla görüşüb. Bu barədə «Azadlıq» radiosuna Komitənin Bakıdakı nümayəndəliyinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. O, yada salır ki, bu, artıq BQXK nümayəndələrinin Samir Məmmədovla 14-cü görüşüdür. Sonuncu görüşdə də həm Samir Məmmədovun saxlanma şəraiti, həm də onun psixoloji əhval-ruhiyyəsiylə tanış olublar. Bu barədə məlumatların məxfi saxlandığını bildirən Quliyevanın sözlərinə görə, Samir Məmmədova valideynlərinin məktubu çatdırılıb. Ancaq Məmmədov valideynlərinə cavab məktubu göndərməyib.
BQXK nümayəndələri ilə bundan əvvəlki görüşdə də Samir Məmmədov valideynlərinə məktub göndərməmişdi. Komitənin Bakı nümayəndəliyi bunun səbəbləri ilə də bağlı açıqlama vermir.
Samir Məmmədov ötən ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinə əsir düşüb.