Aprelin 9-da davam edən məhkəmə prosesində Əli İnsanovun vəkili Ağaveys Şahverdi sabiq nazirə bəraət verilməsini istədi. Vəkil müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların heç birinin sübuta yetirilmədiyini, dövlət ittihamının əsassız olduğunu bildirdi. Əli İnsanovun həbs olunduğu gündən hüquqlarının pozulduğunu deyən vəkil istintaq kimi məhkəmə tərkibinin də işə qərəzli və ədalətsiz yanaşdığını dedi.
Sabiq nazirin digər vəkili Toğrul Babayev bildirdi ki, «bu unikal məhkəmədir çünki, heç nə sübut olunmadı». O, hökm çıxarılarkən Əli İnsanovun beynəlxalq təşkilatın üzvü olmasını, elmi fəaliyyətini və onun azad edilməsi üçün çoxsaylı təşkilatların müraciətlərinin nəzərə alınmasını xahiş etdi. Cənab İnsanov aprelin 10-da son söz deyəcək.
Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub.
Aprelin 5-də keçirilən məhkəmə prosesində prokuror sabiq Səhiyyə naziri Əli İnsanovun 12 il, Nazirliyinin sabiq idarə rəisi Akif Məhərrəmovun da 10 il müddətində azadlıqdan məhrum edilməsi istəyib. Prokuror 4 nəfərin 8 il, o cümlədən nazirliyin idarə rəisi Aleksandr Umyaşkinin 4 il azadlıqdan məhrum edilməsini, 4 nəfərin isə 4 ildən 5 ilə kimi şərti cəzaya layiq görülməsini məqsədəuyğun hesab etdiyini bildirib.