Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:55

İran azərbaycanlılarının fəalı Bakıda saxlanıb


Daxili İşlər Nazirliyindən Hadini Musəvinin sənədlərinin qaydasında olmadığı bildirilir
Daxili İşlər Nazirliyindən Hadini Musəvinin sənədlərinin qaydasında olmadığı bildirilir

Aprelin 7-də «Güney Azərbaycan Milli Oyanış Hərəkatı» kimi tanınan qurumun Bakı bürosunun üzvlərindən biri Hadi Musəvi həbs olunub. Təşkilatın Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının bildirdiyinə görə, Hadi Musəvinin İrana deportasiya olunmaq təhlükəsi var. Cənab Qaradağlı iddia edir ki, bu barədə onlara Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsində bildiriblər. Səbəb kimi də Azərbaycanda qalmaq üçün Hadi Musəvinin sənədlərinin qaydasında olmaması göstərilib.


Hadi Musavi 2004-cü ildə İran islam Respublikasında Bəzz qalasına yürüşdə iştirak etdiyinə görə təqiblərə məruz qaldığını deyərək Azərbaycana gəlib və qaçqın statusu almaq üçün Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə isə Hadi Musaviyə bu statusun verilməməsi barədə qərar çıxarıb. Hadi Musəvi qurumun bu qərarından məhkəməyə şikayət edib. Martın 27-də Yasamal Rayon Məhkəməsi qurumun qərarını qüvvədə saxlayıb.


Hadi Musavinin nümayəndəsi Əlövsət Əliyevin sözlərinə görə, Hadi Musəvi apellyasiya məhkəməsinə müraciət etməyi planlaşdırırdı. «Qaçqın statusu müəyyən edilməsi barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qəbul olunmuş konvensiyanın tələblərinə görə, qaçqın statusundan məhrum edilmədən heç kəs başqa ölkənin ərazisinə verilə bilməz. Azərbaycan tərəfi də bu konvensiyaya hörmətlə yanaşmalı və Hadi Musəvini ölkədən çıxarmağa tələsməməlidir».


Hadi Musəvi İran Azərbaycanın Kəleybər şəhərində yaşayıb və iki il öncə İran hökuməti tərəfindən millətçilik ittihamıyla təqib olunduğuna görə Bakıya gəlib. O, qaçqın statusu almaq üçün BMT-nin Bakıdakı ofisinə müraciət edib lakin, rədd cavabı alıb. Dostlarının bildirdiyinə görə, Musəvinin daha iki dəfə BMT-yə müraciət etmək hüququ olduğundan onun həbsi qeyri-qanunidir.


Əlövsət Əliyev deyir ki, İrana təhvil veriləcəyi təqdirdə gənc fəal ciddi cəzalandırıla bilər: «İrana qaytarılacağı halda təbii ki, onu orada həbs və həyatı üçün təhlükəli olan cəzalar gözləyir».


Hadi Musəvinin İran İslam Respublikasına qaytarılıb qaytarılmayacağını heç bir rəsmi mənbə ilə dəqiqləşdirmək mümkün olmadı.


Həm DİN-nin Miqrasiya İdarəsi, həm də Mətbuat xidməti Hadi Musəvinin saxlanması barədə xəbərləri nə təkzib, nə də təsdiq edirlər.


BMT-nin Bakıdakı ofisindən isə «Azadlıq» radiosuna bildiriblər ki, bu cür məsələlər fərdi qaydada həll edildiyindən Hadi Musəvinin saxlanıb-saxlanmaması barədə məlumatlara şərh verə bilməzlər.


İranda İnsan Hüquqlarının müdafiəçisi Faxte Zamani isə «Azadlıq» radiosuna müsahibəsində Hadi Musavinin həbsini insan haqlarının pozulması kimi qiymətləndirib.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG