Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri sabiq Səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesini izləməkdə davam edirlər.
Bu haqda «Azadlıq» radiosuna həmməruzəçi Andres Herkel bildirib. O, yaxınlarda məhkəməsi başa çatacaq Əli İnsanovun məsələsinin də AŞPA-nın yaz sessiyasında qaldırılacağını istisna etmir:
«Təkcə bir sabiq nazirin məsələsinə toxunulmayacaq. Təəssüf ki, Azərbaycanda bu cür məhkəmələr çoxdur. Bütün bunlar sənəddə əksini tapıb. İndi mən həmin məsələnin yaz sessiyasında hansı şəkildə müzakirə ediləcəyini deməyəcəyəm. Amma əlbəttə biz bu məhkəməni izləyirik».
Andres Herkel deyir ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinə dair hesabat hazırdır. Amma Əli İnsanovun məhkəməsi sessiyaya kimi başa çatarsa, bu məsələ həmin sənədə daxil edilə bilər.
AŞPA-nın yaz sessiyası aprelin 16-da başlayacaq.
Sabiq Səhiyyə naziri Əli İnsanov dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Dövlət ittihamçısı onun əmlakı da müsadirə olunmaqla 12 ilədək azadlıqdan məhrum edilməsini istəyib.