Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladze «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı aprelin 6-da Yasamal Rayon Məhkəməsində yeni iddia qaldırıb. Fətullayevin vəkili İsaxan Aşurov «Turan»a bildirib ki, iddia böhtan ittihamı ilə verilib (Cinayət Məcəlləsinin 147-ci maddəsi).
İddia E.Fətullayevin Xocalı hadislərilə bağlı söylədiyi fikirlər və məqalələrlə əsaslandırılır. İddiaçı redaktora qarşı cinayət işi başlamağı və onun məsuliyyətə cəlb olunmasını tələb edir. İddiaya aprelin 9-da baxılması nəzərdə tutulur.
Aprelin 6-da Yasamal Rayon Məhkəməsi Tatyana Çaladzenin şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurma iddiası üzrə Eynulla Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimə olunması barədə qətnamə çıxarıb.