Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

«Maşın» şousu Azərbaycan cəmiyyətinin mini modelidir»


Murad Dadaşov: «Əyləncələr çoxalıb və bu da adamları gündəlik kitab oxumaqdan yayındırır»
Murad Dadaşov: «Əyləncələr çoxalıb və bu da adamları gündəlik kitab oxumaqdan yayındırır»

-Murad, hazırda eyni vaxtda neçə işlə məşğul olursunuz?


-«M Group» prodakşn adlı böyük bir qrupun rəhbəriyəm. Eyni zamanda prodüserlik fəaliyyəti məşğulam. Ailə sahibiyəm, atayam, oğulam, eyni zamanda qardaşam.


-Bəs özünüzə, ailənizə vaxt ayıra bilirsinizmi?


-Öz işlərini düzgün qura bilməyən adamlar həmişə deyirlər ki, incəsənət qurban tələb edir. Etiraf edim ki, mən də vaxtımı, işimi düzgün qura bilməmişəm. İndiyə kimi də evdə kifayət qədər vaxt keçirə bilmirəm. Mənim iki oğlum var, gərək mütləq onlarla məşğul olum. Hərçənd ki, maraqlanıram, amma məşğul ola bilmirəm. Bu yolu mən özüm seçmişəm. Nə vaxt görsəm ki, çətinliklər çoxdur, nə isə alınmır, onda mən işimi dəyişə bilərəm.


-Peşəkar baxımdan işə yanaşma iki cür olur-bir var pul qazanmaq, maliyyə imkanlarını artırmaq, bir də var sənətə bir tələbat kimi yanaşmaq. Hansı sizdə üstünlük təşkil edir?


-Mən düşünürəm ki, iş o vaxt adama zövq verir ki, ondan maliyyə tərəfdən də fayda görürsən. O insanlar ki, deyir ki, mən pula görə işləmirəm, onlara inanmıram. Mən Azərbaycanda şou-biznes yaradanlardan biriyəm. Mənim məşğul olduğum iş mütləq şəkildə maliyyə gətirməlidir. Pul qazanmağın müxtəlif yolları var. Məsələn, mən heç vaxt bağlı gecələrin aparıcısı kimi iştirak etmirəm. Mən toy aparmıram, ona görə yox ki, bunu əskiklik sayıram. Ona görə ki, mən televiziya adamıyam. Biz vergilərdən qorxmuruq, biz vergiləri gizlətmirik. Amma bizim işimizdə maliyyədən əvvəl ideya və sənət dayanır.


-Murad, «Yeni Ulduz», «Maşın» realiti şou və bunların hamısından əvvəl isə «Bakılı oğlanlar»- hansı sizi daha çox cəlb edir?


-Mənə elə gəlir ki, hər bir gəncin həyatında ya «KVN», ya da «KVN»ə bənzər bir şey olub. Mən çox düşünürəm ki, bu mənə nə verdi? Və hər dəfə dərk edirəm ki, «KVN»də iştirak mənə yalnız və yalnız fayda gətirdi. Məktəbli vaxtımda çox istərdim ki, xaricdə təhsil alım. Təəssüf ki, bu alınmadı. Cüdo ilə məşğul olurdum, amma bir neçə zədə alandan sonra çıxdım. Bir sözlə mənimki gətirmirdi… «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubuna düşəndən sonra məndə hər şey alındı. «KVN»də mən özümü formalaşdırdım. Sonra mən Dövlət Televiziyasında, «Space»də, ANS-də çalışdım. «Yeni ulduz» yarışmasına isə münsif kimi məni dəvət edəndə bəziləri deyirdi ki, onun musiqiyə nə dəxli var. Amma, hər bir azərbaycanlının musiqiyə aidiyyatı var. Bir tərəfdən mən 7 il musiqi təhsili almışam, Əhsən Dadaşovun nəvəsiyəm, anam musiqi məktəbində dərs deyir. Mən orda bir musiqiçi kimi yox, prodüser kimi əyləşmişəm.


-Bu vaxta kimi cəmiyyətə təqdim etdiyiniz «Yeni Ulduz»ların içərisində «Evrovision»a getməyə layiq kimsə varmı?


-Bu suala cavab vermək çox çətindir


-«Maşın» realiti şousu kimə nə verir? İştirakçılara ya tamaşaçılara?


-«Maşın» realiti şousu Azərbaycan cəmiyyətinin mini modelidir. Sizi inandırım ki, belə formatda, belə reytinqli şou Azərbaycanda bəlkə də olmayıb. Bu şou ona görə populyardır ki, hər bir insan iştirakçıların yerində özünü görür. Satqınlıq, əqidəsizlik, ən yaxın adamdan zərbə, ən uzaq adamdan dəstək bütün bunlar həyatda hər gün var. «Maşın» şousunun ən böyük nailiyyəti budur.


-«Maşın»ın pərdəarxasında tamaşaçıların görmədikləri nələr baş verir?


-Arxada böyük və çətin proseslər gedir. Oteldə bir də görürsən ki, tanınmış adamlar başlayırlar ağlamağa, özü də hönkür-hönkür. Deyirlər ki, «mən evə qayıtmaq istəyirəm», «mən inanmıram», «bunlar məni satırlar»… Hətta bəzən olub ki, iştirakçı deyir ki, mən yemək yeyəndə deyəsən məni zəhərləmək istəyirdilər.


-Cəmiyyətdə sizi daha çox nə narahat edir?


-Birinci növbədə savadsızlıq. Təhsil səviyyəsi sıfır dərəcəsindədir. Əyləncələr çoxalıb və bu da adamları gündəlik kitab oxumaqdan yayındırır. Çoxumuz göz yumsaq da narkomaniya problemi çox təhlükəli həddə çatıb. Cəmiyyətdə məni narahat edən üçüncü amil isə dini fanatizmdir.


-Sizin verilişləri uşaqlar çox sevirlər, bəlkə onlarla bağlı da nə isə layihələriniz ola bilər?


-Uşaqlar üçün artıq iki ildən çoxdur ki, layihə üzərində işləyirəm. Sadəcə olaraq maliyyə çətinlikləri var, onu də tədricən qaydasına qoyacağıq. Bilirsiniz, uşaqları aldatmaq çox çətindir, əgər bəyənməsələr dərhal deyirlər.


XS
SM
MD
LG