Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:31

«Ukraynada ikihakimiyyətlilik yarana bilər»


İndi həm müxalifət, həm də koalisiya öz tərəfdarlarını Kiyevə toplayacaqlar
İndi həm müxalifət, həm də koalisiya öz tərəfdarlarını Kiyevə toplayacaqlar

Aprelin 3-də Baş nazir Viktor Yanukoviçlə görüşdə Ukrayna prezidenti Viktor Yuşşenko parlamentin buraxılmasına dair sərəncamının qeyd-şərtsiz yerinə yetirilməsini tələb edib.


Baş nazir isə bu tələbi rədd edib. Deyib ki, Konstitusiya Məhkəməsi qərar verənə qədər Ali Rada öz fəaliyyətini davam etdirəcək.


Amma, ekspertlər siyasi böhrandan çıxışı Konstitusiya Məhkəməsi ilə əlaqələndirməyə meylli deyillər. Ofisi Kiyevdə yerləşən «Penta» siyasi təhlil mərkəzinin direktoru, politoloq Vladimir Fesenko hesab edir ki, Konstitusiya Məhkəməsi çətin ki, qızışan qarşıdurmaya son qoya bilsin:


-Konstitusiya Məhkəməsində açıq və aydın çoxluğun olmaması səbəbindən, çox ehtimal ki, birmənalı və aydın qərar olmayacaq. Ən yaxşı halda, kompromis qərar olacaq ki, onu da hər hansı tərəf tanımaya bilər.


-Sonrakı hadisələri proqnozlaşdıran ekspertlər Ukraynada iki parlament və iki hökumətin ola biləcəyini istisna etmir. Bu variant mümkündürmü?


-Təəssüf ki, hə. Radanın dünənki qərarından sonra indi de-fakto və qismən de-yure iki Mərkəzi Seçki Komissiyası var. İstisna deyil ki, müstəqil şəkildə, hökumətin iştirakı olmadan parlament seçkiləri keçirməyə cəhd edilsə, bunun nəticəsi həqiqətən də iki parlament və iki hökumətin yaranması ola bilər. Hətta indinin özündə belə variant istisna deyil. Belə ki, koalisiya ayrıca iclas edir, müxalifət ayrı. Bu da de-fakto iki parlament vəziyyətinin yaranması deməkdir.


Ən pis ssenari məhz idarəetmə aparatı planında dövlətin ikiyə bölünməsidir. Bu, ən pis ssenaridir. Bunun da mümkün tərkib hissəsi qarşı-qarşıya duran siyasi düşərgələrin tərəfdarlarının birbaşa toqquşmasıdır.


-Məlumdur ki, Daxili İşlər Nazirliyi hökumətə tabedir, ordu və Təhlükəsizlik Xidməti isə prezidentə. Siz bu münaqişənin zorakı həllinin mümkünlüyünü istisna etmirsinizmi?


-Nəzəri olaraq mən bunu istisna etmirəm. Amma məncə, faktiki olaraq hər iki tərəf bu ssenaridən qaçmağa çalışacaq. Çünki onda bu, həqiqətən də, ölkənin birbaşa parçalanmasına səbəb ola bilər. Hər iki qüvvənin tərəfdarlarının toqquşması ehtimalı daha böyükdür, çünki indi həm müxalifət, həm də koalisiya vilayətlərdən öz tərəfdarlarını Kiyevə toplayacaqlar.


-İndiki vəziyyətdə Yuliya Timoşenko və prezidentyönlü «Bizim Ukrayna» Blokunun timsalında Ukrayna müxalifəti necə hərəkət edə bilər?


-Onlar artıq öz ssenarilərini açıqlayıblar, axı məhz onlar prezidenti vaxtından əvvəl seçkilərə sövq ediblər. İkinci addım insanların küçəyə çıxarılmasıdır. Yəni yeni Maydanın təşkildir. Amma, səciyyəvi haldır ki, aprelin 3-ü səhər koalisiya nümayəndələri-Yanukoviç tərəfdarları artıq Maydanı tutublar. Yəni 2004-cü ildə nümayişlərin keçirildiyi rəmzi yeri indi koalisiya tərəfdarları tutublar. Koalisiya müxalifətin rəmzi meydanını tutub. Dərhal da münaqişəli vəziyyət yaranıb. Texnoloji baxımdan, koalisiya müxalifətdən olan rəqiblərini bir addım qabaqlayır...


Maydandan başqa, bu, həm də seçki komissiyalarının yaradılması yoluyla seçki prosedurasını başlamaq cəhdidir. Amma problem ondadır ki, seçkilər haqqında indiki qanunla iki aya seçkilər keçirmək demək olar ki, mümkün deyil. Seçicilər siyahısının təşkili prosedurası çox mürəkkəb və çox zəhmət tələb edən işdir. Bütün bunları isə iki ay intervalına yerləşmək olduqca çətin olacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG