Prezident İcra Aparatının şöbə müdiri Əli Həsənov bildirir ki, aprelin 22-də Avropa Şurasında (AŞ) müzakirə olunacaq məsələlərin bəzilərinin Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərə heç bir dəxli yoxdur. Cənab Həsənov «Azadlıq» Radiosuna bildirib ki, Azərbaycan AŞ qarşısında götürdüyü öhdəliklərə tam və layiqincə əməl edib.
«Hər bir dövlətin həyatında bu və ya digər neqativ proseslər gedə bilər. Bu bizdə də var, digər Avropa ölkələrində də. Ancaq, bu proseslərin ümumiləşdirib Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinə aid edilməsi ədalətsizlikdi».
Əli Həsənov deyir ki, həmməruzəçilərin hazırladıqları məruzə Azərbaycanı tam qane etmir. «Sənəddə olan bəzi məqamlara iradlar var və buna Azərbaycan nümayəndə heyətinin münasibəti orada açıqlanacaq».
Ötən həftə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri bildiriblər ki, onların hesabatı Azərbaycanın bu təşkilat qarşısında öhdəlikləri necə yerinə yetirməsindən bəhs edir. Sənəddə öhdəliklərin icra vəziyyəti ilə bağlı hökumətin ünvanına tənqidlər də var. Azərbaycanda hüquq-müdafiə fəallarının çoxu da öhdəliklərin hələ tam yerinə yetirilmədiyini, xüsusən siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı, seçki sisteminin təkmilləşdirilməsi və bir çox sahələrdə problemlərin qaldığı deyirlər.