«ABŞ hökuməti İrana hərbi müdaxilə etməklə özünü cəncələ salacaq qədər ağılsız deyil. İraqda və Əfqanıstanda batdığı bataqlıq onun üçün kifayətdir». Bu fikri jurnalistlərə aprelin 3-də Bakıda səfərdə olan İranın Beynəlxalq İslam Məzhəblərinin Yaxınlaşdırılması Komitəsi sədrinin müşaviri Ayətullah Şeyx Məhəmməd Təsxiri bildirib. Onun sözlərinə görə, İran dövləti və xalqı birdir və əgər ABŞ rəhbərliyi məntiqdən kənar bir iş görsə öz layiqli cavabını alacaq.
Hazırda İranda saxlanılan Britaniya əsgərlərinin vəziyyətinə də toxunan Şeyx Məhəmməd Təsxiri deyib ki, İngiltərə İranın sərhədini pozduğu üçün heç olmasa ən azından üzr istəməlidir: «Onda məsələdə öz müsbət həllini tapar». Müşavir bu problemin diplomatik yolla həllini tapacağına ümid etdiyini bildirib.
Martın 23-də İran su sərhədinin pozduqlarını iddia edərək 15 Britaniya dənizçisini həbs edib. Britaniya hökuməti isə hərbçilərin İranın sularına keçmədiyini bəyan edib.