Sabiq Səhiyyə naziri Əli İnsanov aprelin 2-də keçirilən məhkəmə iclasında bildirdi ki, ölkə korrupsiya bataqlığındadır, neft gəlirləri və büdcənin 50 faizi mənimsənilir. «Əgər dövlət başçısının bundan xəbəri varsa niyə tədbir görmür?»
Sabiq nazirin siyasi bəyanatlarına münasibət bildirən hakim Faiq Qasımov dedi ki, bununla bağlı artıq iki dəfə xəbərdarlıq edilib. «Əgər bir də belə bəyanatlar verilsə, məhkəmədən çıxarılacaqsınız». Əli İnsanovun qaldırdığı vəsatətlər bu dəfə də təmin olunmadı.
Məhkəmə şahidlərin ifadələri ilə davam etdirildi. Şahidlər bildirdələr ki, Səhiyyə Nazirliyinin idarə rəisi Akif Məhərrəmovun evində tapılan 1 milyon 217 min dolları ona qohumları şadlıq sarayı tikdirmək üçün veriblərmiş.
Məhkəmə günün ikinci yarısında davam etdiriləcək.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri Əli İnsanov və nazirliyinin 10 nəfər yüksək vəzifəli əməkdaşı vəzifə səlahiyyətlərini aşma və dövlət əmlakını mənimsəmədə təqsirləndirilirlər.