Rusiya parlamentinin yuxarı palatası hesab edilən Federasiya Şurasının sədri Sergey Mironov konstitusiyada dəyişiklik etmək təklifi ilə çıxış edib. Bu isə prezident Vladimir Putinə üçüncü müddətə dövlət başçısı seçilməyə imkan verə bilər. Sergey Mironov deyib ki, yalnız iki dəfə prezident seçilmək limiti dəyişdirilməlidir və müddət dörd ildən azı beş ilə uzadılmalıdır. Mironov martın 30-da Federasiya Şurasının üçüncü dəfə spikeri seçilib.
Bundan əvvəl də Rusiyanın bəzi siyasətçiləri və ictimai təşkilatları Putinin üçüncü müddətə seçilməsi üçün konstitusiyaya dəyişiklik etmək təşəbbüsünü irəli sürüblər.
Parlamentin aşağı palatasının spikeri Boris Qrızlov isə deyib ki, o, konstitusiyaya təklif olunan dəyişikliklərin əleyhinədir. Qrızlov Kremlyönlü Vahid Rusiya Partiyasının rəhbəridir və bu partiya Dumada üstünlük təşkil edir.
Vladimir Putin isə bundan əvvəl deyib ki, gələn il prezidentlik müddəti başa çatan kimi vəzifədən gedəcək.