Martın 28-i, Marqaryanın dəfn mərasimi keçiləcəyi gün Ermənistanda ümummilli matəm elan olunub.
Ermənistan parlamentinin sədri Tiqran Torosyan baş verənləri «ölkəyə, xalqa, Respublika Partiyasına çox ağır zərbə adlandırıb. Uzun illər Andranik Markaryan ölkənin əsas dayaqlarından biri olub. Çətinliklər yarananda o, müxtəlif mövqeləri yaxınlaşdıra bilirdi. Onun səyləri sayəsində biz ağır böhranlardan yayına bilmişik».
Martın 26-da Ermənistan prezidenti Robert Koçaryan Nazirlər Kabinetinin fövqəladə iclasını keçirib. Müdafiə və Mədəniyyət nazirlərinin yaxın günlərə təyin olunan xarici səfərləri təxirə salınıb.
Baş nazir Andranik Markaryan martın 25-də ürək tutmasından vəfat edib. Onun 55 yaşı vardı.
Andranik Markaryan Yerevan Politexnik İnstitutunun texniki kibernetika fakultəsini bitirib. 14 yaşında Ermənistanda dissident hərəkatına qoşulub, 70-ci illərin ortalarında SSRİ əleyhinə təbliğat ittihamı ilə iki ili həbsdə olub. 1991-94-cü illərdə Qarabağ münaqişəsi zamanı könüllü dəstələrin yaradılması və onların maddi-texniki təchizatı ilə məşğul olub.
1992-ci ildə Respublika Partiyasına üzv olub. 1995-ci ildə isə parlamentin deputatı seçilib. Markaryan həmçinin «Erkrapa» Qarabağ Müharibəsi Veteranları Təşkilatının üzvü idi. Bu qurumun 90-cı illərin sonlarında ölkədə böyük siyasi təsiri olub. Xüsusilə, «Erkrapa»nın prezident Levon Ter-Petrosyanın xəttini dəstəkləməməsi onun ölkə başçısı vəzifəsindən istefasına səbəb olub.
Markaryanın Baş nazir olduğu illərdə Ermənistanda güclü iqtisadi artım qeydə alınıb. Hətta hökumət başçısının siyasi rəqibləri belə onun mübahisəli məsələlər üzrə müxalifətlə kompromis tapmaq məharətini etiraf edirdilər. Bununla belə, A.Markaryan həmişə Qarabağ problemi və Türkiyə ilə münasibətlər məsələsində sərt mövqe tutub.
Ötən ilin dekabrında Ermənistan hökumətinin fəaliyyətini şərh edərkən Andranik Markaryan «Azadlıq» radiosuna müsahibəsində bunları demişdi: «Deməzdim ki, Ermənistanda hazırda mənfi tendensiyalar yoxdur və onların hamısı mənim Baş nazirliyim dövründə aradan qaldırılıb. Biz bütün problemlər və ziddiyyətlər barədə açıq danışmağa başlamışıq – yoxsulluqdan tutmuş, sərvətlərin ədalətli bölüşdürülməsinə qədər. Biz korrupsiyayla mübarizə aparmışıq, biz etiraf etmişik ki, korrupsiya çoxdur və bununla mübarizə aparmaq lazımdır. Biz bu problemləri yalnız iclaslarda və parlament sessiyalarında müzakirə etməmişik. Biz problemin olmasından danışmışıq və bununla mübarizə aparmaq üçün tədbirlər həyata keçiririk».