Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 22:37

«Sərhədsiz Reportyorlar» Kondoliza Raysdan xahiş edir


«Azərbaycanda müstəqil və müxalif mətbuata qarşı repressiyalar xüsusilə keçən ilin payızında güclənib»
«Azərbaycanda müstəqil və müxalif mətbuata qarşı repressiyalar xüsusilə keçən ilin payızında güclənib»

«Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatının baş katibi Rober Menarın ABŞ-ın Dövlət katibi Kondoliza Raysa ünvanladığı məktubda Azərbaycanda KİV və söz azadlığı sahəsindəki ağır vəziyyətə diqqət çəkilir.
«Turan» İnformasiya Agentliyinin yaydığı məlumata görə, məktubda cənab Menar xanım Raysdan bu problemi Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Vaşinqtonda keçirəcəyi görüş zamanı qaldırmağı xahiş edib. «Azərbaycanda müstəqil və müxalif mətbuata qarşı repressiyalar xüsusilə keçən ilin payızında güclənib, bu, bizi ciddi narahat edir», - deyə Menar «Azadlıq» qəzetinin müxbiri Nicat Hüseynovun hücuma məruz qalması və döyülməsi faktını xatırladaraq yazır. O, həmçinin «Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyevin və «Azadlıq» nəşrinin müxbiri Fikrət Hüseynlinin naməlum şəxslər tərəfindən oğurlanması faktlarına da toxunur.
Məktubda o da bildirilir ki, keçən ilin noyabrında «Azadlıq» və «Bizim yol» qəzetləri, həmçinin «Turan» İnformasiya Agentliyi yerləşdikləri binadan çıxarılıblar: «Hakimiyyət tərəfindən onlara təklif edilən yeni yerlərsə, işləmək üçün yararsız olub. Məcburi köçürdülmə zamanı bu KİV-lərin əmlakı itirilib və korlanıb. KİV haqqında qanunu pozmaqda ittiham olunaraq iki həftəlik yayımı dayandırılan ANS telekanalının məsələsi də aydın olmayaraq qalır. Kanalın yayımı beynəlxalq ictimaiyyətin çoxsaylı etirazlarından sonra bərpa edilib, lakin kanal hələ də yayım üçün lisenziyanı almayıb».
Martın 20-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri başlayıb. Səfər ABŞ-ın Dövlət katibi Kondoliza Raysın dəvəti ilə həyata keçirilir. Martın 22-də cənab Məmmədyarov Kondoliza Rays və ABŞ-ın digər rəsmi şəxsləri ilə görüşüb.


XS
SM
MD
LG