Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Azərbaycan-Türkmənistan münasibətləri yenidən canlanır


2001-ci ildə Türkmənistan Bakıdakı səfirliyini bağlamışdı
2001-ci ildə Türkmənistan Bakıdakı səfirliyini bağlamışdı

Türkmənistanla Azərbaycan arasında uzun müddətdən bəri davam edən soyuqluğa son qoyulub və tərəflər əməkdaşlıq haqqında razılaşma əldə ediblər. «News Briefing Central Asia»nın («NBCA») Mərkəzi Asiya ekspertləri hesab edirlər ki, Türkmənistan-Azərbaycan dialoqunun canlanması, rəsmi Aşqabadın enerji ixracı sahəsində alternativ layihələri inkişaf etdirmək niyyəti ilə bağlıdır. Ekspertlər hesab edirlər ki, dialoqun nə dərəcədə səmərəli olacağı isə, Xəzər dənizinin dibinin bölüşdürülməsindən asılı olacaq.


Son səkkiz ildə ilk dəfə olaraq bu il martın 13-də hər iki ölkə prezidenti telefonla danışıb və ikitərəfli əməkdaşlığın bərpa edilməsi və aktivləşdirilməsi barədə razılıq əldə ediblər.


Türkmənistanın rəsmi dairələrinə yaxın olan mənbədən «NBCA»ə verilən məlumata görə, Baş nazirin müavini Rəşid Meredovun rəhbərliyi altında Xəzər məsələsi ilə bağlı artıq İşçi Qrup yaradılıb. Qrup Xəzərlə bağlı problemin həll edilməsi üçün Azərbaycana təqdim edəcəkləri konkret təklifləri hazırlamalıdır.


Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazovun hakimiyyəti dövründə bu iki ölkə arasında münasibətlər gərgin idi. Bu əlaqələr 1999-cu ildə Xəzərin neft yataqlarının bölüşdürülməsi ilə bağlı mübahisə zamanı kəsilmişdi. 2001-ci ildə isə Türkmənistan Bakıdakı səfirliyini bağlamışdı.


İndi ekspertlər hesab edirlər ki, Niyazovun ölümündən sonra münasibətlərin yenidən canlanmasına əsas səbəb enerji məsələsidir.


Türkiyədə yerləşən strateji araşdırmalar üzrə beynəlxalq təşkilatın eksperti Rövşən İbrahimov hesab edir ki, Türkmənistanın Qərbə çıxışı üçün Rusiyadan yan keçən yeni alternativ yola ehtiyacı var: «Azərbaycandan və Gürcüstandan keçən Transxəzər nəqliyyat dəhlizi isə, bu sahədə yeganə vasitədir».


Aşqabadda neft-qaz məsələləri üzrə ekspertlərdən bəziləri hesab edirlər ki, Türkmənistanın rəsmi Bakı ilə münasibətinin yenidən canlanmasına ABŞ da təkan vermiş ola bilər. Belə ki, bu il martın əvvəllərində Türkmənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Stiven Mann enerji sahəsində regional əməkdaşlıq məsələlərini müzakirə edib.


Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına maneə ola biləcək problem Xəzərdə bəzi neft yataqlarının bölüşdürülməsində fikir ayrılıqlarının mövcudluğu və dənizin statusunun hələ də müəyyən olunmamasıdır.


Əsas fikir ayrılığı isə sərhəddə yerləşən, Azərbaycanda «Kəpəz», Türkmənistanda isə «Sərdar» adlanan neft-qaz yatağı ilə bağlıdır. Hesablamalara görə, bu yataqda 450 milyon barel neft və 32 milyard kub metr qaz var.


Ekspertlər hesab edirlər ki, bu məsələ Xəzərin statusunun müəyyənləşdirilməsindən sonra da həll oluna bilərdi.


Azərbaycan dənizin sahilindən orta xəttə doğru bölünməsini düzgün hesab etdiyi halda, Türkmənistan sərhəddə yerləşən neft quyularına görə, Xəzərin bölünməsini istəyir.


Rusiyanın Strateji Araşdırmalar İnstitutunun akademiki Əjdər Qurtov hesab edir ki, Xəzərin statusunun müəyyən olunmaması nəinki Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafına mane olur, eyni zamanda, Xəzərin öyrənilməsi işini də ləngidir.


Cənab Qurtov bu sahədə tərəflərin münasibətlərində müsbətə doğru hər hansı addım atıldığına da inanmır.


Ekspert hesab edir ki, Türkmənistanın iqtisadi vəziyyəti bir o qədər də pis deyil ki, öz milli maraqlarını Azərbaycana qurban versin. Digər tərəfdənsə, Azərbaycan Aşqabada belə bir güzəştin müqabilində onu qane edə biləcək mükafat vermək iqtidarında da deyil: «Ona görə də, bu gün hələ ki, söhbət tərəflər arasında dialoqun bərpa edilməsindən gedir».



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG