Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:11

«Məndə həmişə birtipli rollarda təkrar olunmaq qorxusu olub»


Rasim Balayev: «Babək roluna görə, aldığım simvolik qonorara «Juqili» almaq olardı»
Rasim Balayev: «Babək roluna görə, aldığım simvolik qonorara «Juqili» almaq olardı»

Xalq artisti Rasim Balayev: «Nəsimi» filmindən elə surət götürdüm, heç kəs mənə mane ola bilməzdi. Adımı tez-tez cürbəcür qadınlarla hallandırırdılar, guya sədalarım restoranlardan gəlirdi. Bunlar hamısı yalan idi və əvvəllər bunları eşidəndə əsəbləşirdim. Çünki, elə işlərə heç vaxtım yox idi»


-Çoxdandır ki, tanış amma, köhnə tanış filmlərdə görünürsünüz. Nədir səbəbi?


-Düzdür mən axır illər əvvəlki kimi intensiv çəkilməmişəm. O vaxt ildə 2-3 filmə çəkilirdim. İndi isə adda-budda çəkilirəm. Bu yaxınlarda Hüseyn Cavid haqqında film oldu, mən Hüseyn Cavid rolunu oynadım. Ancaq, bu filmlərin göstərilmə meydanı elə bil qısalıb, daralıb.


-Sonuncu işlərinizdən olan «Həm ziyarət, həm ticarət» filmində dələduz rolunu ifa edirdiniz. Necə oldu ki, həmişə tamaşaçının yaddaşında qəhrəman obrazı ilə qalan Rasim Balayev buna razılaşdı?


-Açıq deyim ki, əvvəllər mənim seçim imkanım çox idi. Məsələn, 4-5 ssenari təklif olunurdu, xoşuma gələnlərini seçirdim. Axır illər o seçim imkanı yoxdur. Çəkilmək üçün darıxdığımdan hansı təklif gəlirsə razılaşmaya bilmirəm. Digər tərəfdən mən özümü müsbət və ya mənfi qəhrəmanlara bölmürəm. Mən filmdə mənfi rolu oynayanda onu mənfi kimi oynamıram. Rəhmətlik rejissor Rasim Ocaqov məni inandırdı ki, bizi həmişə mələk simalı insanlar aldadıblar. Həmin filmdəki rol da ümumiləşdirilmiş obrazıdır.


«Həm ziyarət, həm ticarət» filmindəki rola görə, tamaşaçılardan çox tənələr almışam. Bir tərəfdən sevinirəm ki, tamaşaçılar məni pis adam obrazında görmək istəmir. Bu onların mənə qarşı məhəbbətinin göstəricisidir. Digər tərəfdən tamaşaçı səhv salır, əgər mən Rasim olaraq Babəki, Nəsimini oynamışamsa, bu o demək deyil ki, mən onlar kimiyəm. Xeyr, mən tamam adi bir insanam. Bir aktyor kimi məndə həmişə birtipli rollarda təkrar olunmaq qorxusu olub.


-Deyə bilərsinizmi, Nəsimi rolunu oynamaq sizə nə verdi?


-Düzü o vaxta mənim «Nəsimi»yə çəkilməyim heç inandırıcı deyildi. Çünki, Nəsiminin yubileyi YUNESKO səviyyəsində keçiriləcəyindən filmə böyük məsuliyyətlə yanaşırdılar. Rəhmətlik rejissor Həsən Seyidbəyli dəfələrlə məni məşq meydanlarına çağırırdı, məşqlər etdik. Bundan sonra onda dərin bir inam yarandı və məni rola təsdiq etdi. Ondan sonra mən filmlərə sınaq çəkilişləri olmadan dəvət olunurdum. Yəni «Nəsimi» rolu mənim üçün kino aləmində bir növ «vizit kartı» oldu.


-Rasim müəllim, Azərbaycan tamaşaçısı sizə baxırdı, bəs siz kimə baxırdınız?


-Deməzdim ki, kor-koranə vurulduğum aktyorları təqlid eləmişəm. Elə bil ki, arı kimi hərədən bir şey götürmüşəm. Ən əsası odur ki, sən bacardığın və orada istedadını reallaşdıra bildiyin peşəni seçəsən.


-Ümumiyyətlə peşə nədir?


-Peşə elə bir şeydir ki, yenidən ailə qurmaq olar, amma, peşə qəbir evinə qədərdir. Onunla gərək həvəslə, iştahla, vurğunluqla məşğul olasan. Bu baxımdan mən xoşbəxtəm ki, vurulduğum bir sənətin arxasınca getmişəm.


-Kifayət qədər təcrübəli aktyorlar bu peşədən danışarkən onu çox məsuliyyətli və ağır bir iş adlandırırlar. Yəni daha çox bu sənətin səfasından yox, cəfasından daşırlar, hətta övladlarının bu sənətə getməsinə razı olmadıqlarını bildirirlər. Necə baxırsınız doğurdanmı sevib məşğul olduğun aktyor sənətinin səfası cəfasından çoxdur?


-Bu sənətin səfası da var, cəfası da. Vurğunluq olan da, eşq olanda adam o cəfaya dözür. Bəzən sənə diqqətsizlik olur, badalaq vururlar. Sovet dövründə, elə indi də bizim çəkildiyimiz filmlərin müqabilində aldığımız qonorarlar çox simvolikdir. Bütün bu çətinlikləri görən aktyor da övladının bu yola getməsini istəmir.


-Rasim müəllim, Babək Azərbaycan xalqının böyük tarixi şəxsiyyətidir. Onun obrazını yaratmısınız. Bilmək istəyirəm Babəkə görə, sizə nə qədər qonorar verdilər? Başqa sözlə desək, Babəkin qiyməti nə qədər idi?


-Təxminən 5 min rubl verdilər. Həmin pula həmin vaxt «01» markalı «Juqili» almaq olardı. Belə simvolik qonorar tək məndə yox, bütün sovet aktyorlarında olub. Təsəvvür edin ki, böyük bir sərkərdə rolunu oynayırsan, amma, evdə-eşikdə o qədər məişət problemləri var ki, onların hamısını yola vermək çətin olur.


-Sənətdə yaradılan problemlərdən, badalaqlardan danışdınız. Bu vaxtlar ərzində sizi ən çox narahat edən, ağrıdan hadisə olubmu?


-«Nəsimi» filmindən mən elə surət götürdüm, heç kəs mənə mane ola bilməzdi. Adımı tez-tez cürbəcür qadınlarla hallandırırdılar, guya sədalarım restoranlardan gəlirdi. Bunlar hamısı yalan idi və mən də əvvəllər bunları eşidəndə əsəbləşirdim. Çünki, mənim heç elə işlərə vaxtım yox idi, ildə üç filmə çəkilirdim, gərgin işləyirdim.


Məndə heç vaxt paxıllıq hissləri olmayıb, həmişə allahın verdiyi qismətlə razılaşmışam. İnsanlar bəzən özlərini heç nədən özlərini bədbəxt sayır. Yəni iddiaları ilə imkanları düz gəlməyəndə o insan hansı şəraitdə yaşayır-yaşasın bədbəxtdir.


-Bəs seçim imkanı geniş olan aktyorun özünə həyat yoldaşı seçməsi necə olub?


-Mən elə öz istədiyim insanla həyat qurmuşam, indiyə qədər 37 ildir onunla yaşayıram. Yəni məşhurlaşmağa qədər mənim artıq iki övladım var idi. Bəlkə də onlar olmasaydı həyatım bir başqa cür olardı.


-Sizi sevənlər kifayət qədərdir, bəs sizdən bezənlər olubmu?


-Mənə elə bir şey etməmişəm ki, tamaşaçı məndən bezsin. İndi 60 yaşına çatıram. Allahdan arzu edirəm ki, mənə bir neçə maraqlı rolları oynamaq üçün fürsət versin.


XS
SM
MD
LG