Martın 20-də Brüsseldə o, deyib: «Kosovo məsələsi Azərbaycan məsələsindən, Azərbaycan-Ermənistan münaqişəsindən fərqlidir. Bu münaqişədə Ermənistan açıq aşkar Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edir. 1992-ci ildən biz müharibə vəziyyətindəyik, hətta bundan qabaq da hərbi düşmənçilik olub».
Cənab Əzimov deyib ki, probemin həllində münaqişə tərəflərinin hamısının mövqeləri əks olunmalıdır. Başqa cür olsa, bu beynəlxalq qanunun pozulması demək olacaq.
Kosovonun statusuna dair son qərar verilməyib. BMT elçisi Marti Ahtisaarinin təqdim etdiyi plan Kosovoya beynəlxalq ictimaiyyətin nəzarəti altında müstəqillik statusu nəzərdə tutur.
Avropa Sosialistlər Partiyasının sədr müavini Hannes Svoboda deyir ki, o, Qarabağ məsələsinin Kosovodan fərqli olması barədə Azərbaycanın arqumentini qəbul edir.
Amma o deyir ki, hər iki halda münaqişədən əvvəlki vəziyyətə qayıtmaq çox gecdir.
«Məncə, Kosovo heç vaxt Serbiyanın tərkib hissəsi olmayacaq. Eyni zamanda Kosovo məsələsində Qarabağla bağlı da bəzi paralellər ola bilər. Söhbət ondan getmir ki, kim haqlıdır. Məsələnin leqal tərəfi aydındır – bu, işğal olunmuş ərazidir. Burada bir sual var – münaqişənin həlli Azərbaycanı, Ermənistanı və Dağlıq Qarabağda yaşayanları qane edəcəkmi?»
Azərbaycan Xarici İşlər nazirinin müavini deyib ki, ola bilsin, Ermənistan müharibəni udub, amma müharibə qurtarmayıb. O, əlavə edib ki, Azərbaycan məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
Araz Əzimov deyib ki, Azərbaycan və Ermənistan prezidentləri mayın 12-də Ermənistanda olacaq parlament seçkilərindən sonra görüşməyi planlaşdırırlar. Prezidentlərin görüşünün iyunun əvvəlində keçirilməsi gözlənilir.
«NABUKKO» KƏMƏRİ «XƏYAL DEYİL»
Azərbaycan rəsmisi həmçinin, Avropa Birliyi üçün əhəmiyyəti artmaqda olan məsələyə -- enerjiyə də toxunub. Əzimov Birliyin Rusiya qazı və neftindən asılılıqla bağlı narahatlığını bölüşüb. Söz verib ki, ölkəsi Avropa Birliyinə enerji tərəfdaşlarını diversifikasiya etməkdə yardımçı olacaq.
Görüşdə iştirak edən Avropa Parlamentinin bir çox üzvü Xəzər qazını Türkiyə vasitəsilə Avstriya və başqa ölkələrə daşıyacaq «Nabukko» kəmərinə dəstəyini artırmaq üçün Azərbaycana müraciət ediblər.
Rusiyanın Macarıstan və Birliyin başqa ölkələri ilə rəqib kəmər yaratmaq yönündə son addımları «Nabukko»nun gələcəyini sual altına alır.
Əzimov əmin edib ki, Bakı «Nabukko»da əvvəlki kimi çox maraqlıdır və kəmər «xəyal deyil».
Amma o deyib ki, Xəzər dənizi, sonra isə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Orta Asiyadan enerji tranzitinin reallaşmasında Avropa Birliyinin özü daha inadkar rol oynamalıdır.
«Ötən il biz Avropa Birliyi ilə enerji əməkdaşlığına dair memorandum imzalamışıq. İndi mən bunun daha da genişləndirilməsindən danışıram. Bu sahədə əməkdaşlıq artıq yalnız Azərbaycanla Birlik arasında deyil, Azərbaycan, Avropanın istehlakçı ölkələri, Avropanın tranzit ölkələri, Türkmənistan və Qazaxıstan arasındadır – Trans-Xəzər əlaqəsidir».