Azərbaycanda yeni nəsil texnologiyalarını tətbiq edən yeni mobil operator–«Azerfon» şirkəti artıq kommersiya fəaliyyətinə başlayıb. «Nar Mobile» əmtəə nişanlı bu operatorun indeksi 070-dir. Şirkətin baş direktoru Con Armlinin sözlərinə görə, yeni operator müştərilərə bu günədək bazarda təklif olunmayan xidmətlər göstərəcək. «Nar Mobile» abunəçisinin televiziya kanalları və hazır video materiallarını mobil telefonu vasitəsilə izləmək imkanı qazanır. Bundan başqa mobil telefondan elektron ünvana və ya əksinə məktub göndərmək mümkündür. Abunəçilər mobil telefon söndürülmüş olan zaman daxil olan bütün zənglər haqqında məlumatı qısa mesaj və ya elektron poçt vasitəsilə əldə edəcəklər. Mart ayının 25-dən başlayaraq təkcə Bakı yox, həm də Gəncə və Naxçıvan sakinləri «Nar Mobile»in xidmətindən istifadə edə biləcəklər.
«Azerfon» şirkətinin baş direktoru Con Armli deyir ki, qiymətlərlə bağlı digər mobil operatorlarla ciddi rəqabət aparacaqlar. Digər mobil operatorların müştəriləri ilə danışmaq «Azerfon» abunəçisinə dəqiqəsi 24 qəpiyə başa gələcək. Şirkətin kommersiya direktoru Miloş Sorlanın sözlərinə görə, abunəçilərə müəyyən güzəştlər də ediləcək: «Qeyri-pik saatlarında və bayram günlərində bütün istiqamətlərdə edilmiş zənglərə görə 50% edirim ediləcək».
Yeni mobil operator-«Azərfon» Azərbaycanda texniki işlərə 2005-ci ildən başlayıb. «Azərfon»u texniki avadanlıqla Almaniyanın «Siemens» şirkəti təchiz edir.