«Son bir ildə daşınmaz əmlakın qiyməti 25 faiz artıb. Ümumiyyətlə son göstəricilər daşınmaz əmlakın qiymətinin mütəmadi artığını göstərir». Bu barədə məlumatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sədri Arif Qaraşov verib. Onun sözlərinə görə, buna səbəb tikinti materiallarının, eləcə də enerjidaşıyıcıların qiymətindəki artımdır. Cənab Qaraşov, artıq bəzi rayonlarda da torpaq sahələrinin qiymətində artım dinamikasının müşahidə olunduğunu deyib.
Dövlət Reyestri Xidmətinin sədri onu da bildirib ki, ötən bir il ərzində 80.000 daşınmaz əmlak qeydiyyatı aparılıb. Həmçinin 8000-dən yuxarı ipoteka, girov qeydiyyatı həyata keçirilib.
Yeni tikilən bəzi binaların dövlət reyestrində qeydiyyata alınmadığına aydınlıq gətirərkən Qaraşov bildirib ki, buna səbəb bu binaların layihəyə uyğun inşa edilməməsidir.