Polşada ilk dəfə olaraq hökümət kamerada darısqallığa görə, məhbusa böyük məbləğdə kompensasiya ödəməli olacaq.
Məhbus Adam Dradax Polşanın müxtəlif rayonlarında üç həbsxanada yatıb. O, bütün bu təcridxanalarda hüquqlarının pozulduğunu, pis qidalandığını, darısqal kamerada saxlandığını, qeyri-insani rəftarla üzləşdiyini iddia edib.
Kreditlərlə fırıldağa və narkotiklərlə ticarətə görə, cəza çəkən Dradax bütün üç dustaqxanadan şikayət edib, onlarda səhhətini itirdiyini bildirib.
İşə baxan hakim təsdiq edib ki, «məhbusun ləyaqəti və şəxsi ehtiyacları var», ona görə də, ağzınacan dolu həbsxana kamerasında saxlana bilməz. Kompensasiya kimi hökümət Adam Dradaxa 50 min dollar ödəyəcək.
Bu qərardan sonra Polşa məhkəmələri başqa məhbusların çoxlu sayda iddiaları ilə üzləşə bilər.
Bu arada Dradaxın hazırda cəzasını çəkdiyi həbsxananın müdiriyyəti deyib ki, o, başqa məhbuslar kimi, gündə üç dəfə kalorili ərzaqla qidalanır, kamerada televizorla təmin edilib, yeni qəzetləri oxuya, kitabxana və idman zalından istifadə edə bilir.