Nyu-Yorkdakı «Aaron Daymond» Araşdırma Mərkəzinin mütəxəssisləri bəyan ediblər ki, onlar H5N1 virusunun törətdiyi «quş qripi»nə qarşı vaksin istehsalının rahat yolunu tapıblar. Alimlər iddia edirlər ki, siçanlar üzərində sınaqlar sözügedən virusla mübarizə və onun profilaktikası üçün işləyib hazırladıqları vaksinin effektivliyini göstərib.
Asiyada ilk dəfə insanın «quş qripi»nə yoluxması qeydə alınandan bəri dünyada bu virusdan 160 nəfər ölüb. Hələlik ölümcül infeksiya insandan insana keçmir, amma xəstəlik durmadan mutasiya edir və yaxın gələcəkdə yoluxucu ola, milyonlarla insanın həyatına son qoyacaq pandemiya yarada bilər.
Vaksini hazırlayan doktor Devid Hodur. O, deyir: «Virus proteinin genetik materialının surəti çıxarılır və immun sistemini stimullaşdırmaq üçün bu material anticisimlərlə - orqanizmə yad zülallarla kombinasiya edilir. Bu texnikadan başqa qripli virusların yatırılmasında da istifadə etmək olar».
Bu arada Kral London Hospitalının alimləri 1918-1919-cu illərdə H1N1 virusundan ölən Britaniya diplomatının cəsədini eksqumasiya etməyi planlaşdırırlar. H1N1 «ispanka» törədir, alimlər bununla ona yaxın olan «quş qripi» haqda məlumat almaq istəyirlər. «İspanka»dan 50 milyondan çox insan tələf olub.
Cəsəd qalıqları yaxşı saxlamış qurğuşun tabutda dəfn edildiyindən, tədqiqatçılar virusun insanın bütün daxili orqanlarına necə təsir etdiyi haqda məlumat almağa ümid edirlər.