Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov bildirir ki, istintaq Elmar Hüseynovun qətli ilə bağlı mümkün olanı edib: «Cinayətdə təqsirli bilinənlər müəyyənləşdirilib. Onların axtarışı üçün tədbirlər həyata keçirilir».
Cənab Həsənovun sözünə görə, qətldə təqsirli bilinənlər Azərbaycana gətiriləndən sonra istintaqla bağlı bütün nüanslar açıqlanacaq.
Əli Həsənov redaktorun qətlinin arxasında hakimiyyətin mətbuatı susdurmaq niyyətinin durması haqda səslənən fikirləri isə cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda azad mətbuatın mövcudluğuna şübhə ola bilməz və qəzetlər istədiyini yaza bilirlər.