Bunu Birləşmiş Ştatların Raket Əleyhinə Müdafiə Agentliyinin rəhbəri Henri Oberinq deyib. Amerika generalı bildirib ki, bu, Polşa və Çexiyada qurulacaq geniş raket müdafiə sisteminin tərkib hissəsi ola bilər. Oberinq deyib ki, sistem Rusiya əleyhinə yönəlməyib: «Söhbət Polşada yerləşdiriləcək 10 qurğudan gedir. Birincisi, rəqəmdən də bəllidir ki, bu qurğularla Rusiyanın yüzlərlə raketinə meydan oxumaq mümkün deyil. İkincisi də ki, biz istəsək də, Polşada durub Rusiya raketlərini tuta bilmərik. Faktiki olaraq, əgər hədəfimiz Rusiya idisə, onda daha qurğuları niyə Polşada yerləşdirirdik ki?! Polşa Rusiyaya kifayət qədər yaxındır. Başqa yer seçərdik…»
Amerika rəsmiləri deyir ki, Şərqi Avropada raket əleyhinə sistemi İranın və Şimali Koreyanın mümkün hücumlarından qorunmaq üçün quraşdırmaq istəyir.
Rusiya isə Amerikanın bu hərbi obyektləri Şərqi Avropada tikməsinə kəskin etiraz edir. Xarici işlər naziri Sergey Lavrov Moskvanın NATO-nun Rusiyanın sərhədlərinə doğru genişlənməsindən narahat olduğunu bəyan edib.
Azərbaycan XİN-dən isə bu məsələdən məlumatları olmadığını və hər hansı rəsmi səviyyədə müraciət almadıqlarını bildirdilər.