Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:21

ABŞ-a gedənlərdən bütün əl barmaqlarının izi tələb olunacaq


Hazırda məlumatlar bazasında 80 milyon insanın barmaq izləri toplanıb
Hazırda məlumatlar bazasında 80 milyon insanın barmaq izləri toplanıb
Hazırda ABŞ-a daxil olan xarici vətəndaşlar iki əl barmaqlarının izini qoyurlar, amma yaxın vaxtlarda onlardan on barmağın hamısının izi tələb olunacaq. Bu addım Birləşmiş Ştatların sərhədlərində cinayətkarları daha effektiv aşkarlamaq zərurəti ilə əsaslandırılır. Amma hüquq müdafiə təşkilatları bu təklifi şübhə ilə qarşılayıblar.

Şəhadət barmaqlarının izlərinin tutuşdurulması pasport və giriş vizasının yoxlanması zamanı biometrik yardımçı qoruma tədbiridir. ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən Pol Rozensvayqın dediyinə görə, təcrübə göstərir ki, terrorçunu onun bütün on barmağının izi ilə tapmaq daha asandır.


Nəzarətin belə sərtləşdirilməsinin tərəfdarlarının fikrincə, bu tədbir vasitəsilə səhv etmək imkanını xeyli azaltmaq və eyni zamanda, ABŞ xüsusi xidmətlərinin biometrik bazasını daha da zənginləşdirmək mümkün olacaq. Hazırda şəhadət barmaqlarının izinin götürülməsi praktikasında düzgün identifikasiyanın effektivliyi güclə 50 faizi ötür.


Filadelfiya Xarici Siyasət Tədqiqatları İnstitutu nəzdində Terrorizm və Antı-terrorizm Mərkəzinin rəhbəri Maykl Radunun bu yeniliyə münasibəti ikilidir: «Son nəticədə məsələ, izi götürüləcək barmaqların sayında yox, daha çox alınan informasiyanın necə istifadə olunacağında və kimin ora çıxış əldə edəcəyindədir. Bu ciddi problemdir. 11 sentyabr hadisələrində bununla rastlaşmışıq. O vaxt terror aktını hazırlayanların ən azı üçü haqda bazada məlumat vardı, amma bu informasiya müvafiq qurumlara çatdırılmayıb. Ölkənin müdafiəsini təmin edən tədbirlərin səmərəsiz olmasında müxtəlif təhlükəsizlik qurumları daha çox təqsirkardırlar, nəinki gömrük-pasport və sərhəd nəzarəti tədbirləri. Bu, neçə barmağın izini götürməkdən daha ciddi problemdir».


ABŞ Daxili Təhlükəsizlik Nazirliyi nəzdində «US-VISIT» federal proqramının direktoru Cim Uilyams deyir ki, barmaq izləri sayəsində son illər ABŞ-a saxta sənədlərlə daxil olmaq istəyən 1800 adamın şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onun bildirdiyinə görə, hazırda məlumatlar bazasında 80 milyon insanın barmaq izləri toplanıb. Bu qədər iz nümunələrinin olması müqabilində təəccüblü deyil ki, bazada oxşar nümunələrə də rast gəlinir. 10 barmaqdan iz götürülsə, insanlar arasında fərqi təyin etmək daha asandır.


Daxili Təhlükəsizlik naziri Maykl Çertoffun dediyinə görə, mərkəzi məlumat bazasına İraq və Əfqanıstandakı terror bazalarında aşkarlanan barmaq izləri də toplanacaq. Barmaq izlərinin yeni götürülmə sistemi artıq bu yay ABŞ-ın bir neçə beynəlxalq hava limanında tətbiq olunacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG