Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:27

Gürcüstan «quş qripi»ni qarşılamağa tam hazırdır


Hazırda Gürcüstanda əhali «quş qripi» haqda çox yaxşı məlumatlandırılıb
Hazırda Gürcüstanda əhali «quş qripi» haqda çox yaxşı məlumatlandırılıb

2006-cı il yanvarın 2-dən sonra Gürcüstanda toyuq və yumurta istehlakçılarının sayı kəskin şəkildə azalıb. Səhiyyə naziri Lado Çipaşvilli həmin gün televiziya çıxışında «quş qripi»nin yayılma təhlükəsinin nəticələrini izah edərkən deyib ki, bu halda ölkə əhalisinin yarısı xəstələnəcək, xəstəliyə yoluxanların üçdə ikisi öləcək.


Hazırda Gürcüstanda əhali «quş qripi» haqda çox yaxşı məlumatlandırılıb. Bu təəccüblü də deyil, çünki, ölkə miqyasında bu xəstəliyin səbəbləri haqda yetərincə ciddi informasiya kampaniyası aparılıb. Xəstəliklərə Nəzarət və Tibbi Statistika Milli Mərkəzinin direktoru Paata İmnadze yenə də bəyan edir ki, adi qaydalara əməl etmək «quş qripi»nə yoluxmaq ehtimalını kəskin şəkildə aşağı salır: «İnsan istəməsə xəstələnməz, əgər o, toyuq saxlamırsa, xəstə toyuqları qucaqlamırsa, toyuğu bişirəndən sonra əlini yuyursa ona heç nə olmayacaq. Əslində, «quş qripi» olmasa da, əli yumaq lazımdır. Əgər yumurtanı və ya toyuğu qızartsan da, soyutma bişirsən də heç bir problem yoxdur. Onsuz da camaat hər şeyi bilir və təlaşı da azalıb».


Virusla bağlı camaatın təlaşının azalmasını ərzaq mağazasının satıcısı da təsdiqləyir. Ötən ilin bu vaxtı toyuq və ya yumurta almağa tək-tük adam ürək edirdisə, bu il alıcıların sayı azalmayıb: «Problem yoxdur. Sadəcə, əvvəlcə xəbər alırdılar ki, toyuq haranındır, Gürcüstanındır yoxsa Braziliyanın? Az adam Braziliya toyuğunu yeməkdən çəkinirdi, indi isə nə toyuq, nə yumurta satışı ilə bağlı problem var».


27 yaşlı Natiya etiraf edir ki, ötən il Səhiyyə nazirinin çıxışı onu elə qorxudub ki, toyuq ətindən ümumiyyətlə imtina edib: «Mən biləndə ki, virusa yoluxmaq təhlükəsi var, kənar yerdə yemək yemirdim. Ancaq, bir-iki dəfə olub ki, restoranda toyuq salatı yemişəm».


Paata İmnadze problemə bu cür yanaşmanı alqışlayır. Onun qənaətincə, təşvişə düşmək və həddən artıq qayğılanmaq lazım deyil. Ancaq, bununla belə bəyan edir ki, problemli dövr bundan sonra başlayır-quşların köçü gəlir: «Gürcüstana gələn köçəri quşlar əslində elə də çox deyillər. Qafqaz silsiləsi onların eyni istiqamətdə uçmasına mane olur. Quşlar dağı dolanıb, Qara dəniz sahillərinin üzərindən uçub gedirlər. Başlıcası vaxtında proflaktik tədbirlər görməkdir ki, «quş qripi» ev quşlarına keçməsin».


Quşların miqrasiyası zamanı Gürcüstanda quş ovu qadağandır. Quş ovu ilə məşğul olan Qorili Mamuka Koçladze bu qərardan narazıdır: «Ovçu üçün bu böyük zərbədir. İndi ən böyük köç dövrü başlanır. Quş ovlayanlar üçün bu əlini kəsmək kimi bir şeydir. İndi əsl ov dövrüdür. İndi vəhşi toyuqların, ördəklərin gələn vaxtıdır, onların ovuna çıxmaq ən böyük ləzzətdir, amma yox, qadağa qoyublar…»


Ovçular ov mövsümünün əldən çıxmasına heyfsiləndikləri bir vaxtda Gürcüstan rəsmiləri bəyan ediblər ki, «quş qripi»ni qarşılamağa tam hazırdırlar. Gürcüstan Qafqazda ən yaxşı dezinfeksiya məhlullarına, xüsusi geyimə və başqa vasitələrə malik laboratoriyaya malikdir. Hərçənd proqnozlara görə, bu xüsusi vasitələrdən istifadə olunmaması ehtimalı daha böyükdür.


XS
SM
MD
LG