Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 19:18

Stolüstü telefon bir nömrəli bakteriya mənbəyidir


İş stolunu ən təmiz saxlayan hansı peşənin sahibləridir?
İş stolunu ən təmiz saxlayan hansı peşənin sahibləridir?

Deyə bilərsizmi, sizin iş otağınızda ən çirkli olan nədir? Əgər desəz telefondur, düz cavab verərsiz. Arizona Universitetinin mikrobioloqu Çarlz Gerbaya görə, stolüstü telefon müasir ofislərdə bir nömrəli bakteriya mənbəyidir. Gerba bu sahədə yeni araşdırmanı təzə başa çatdırıb. «İş yerində mikroblar» adlanan bu tədqiqat materialı onun ABŞ-ın müxtəlif şəhərlərindəki ofislərdə apardığı araşdırmalara əsaslanır.


Gerbaya görə, iş stolunun üstündə tualetin oturacağındakından orta hesabla 400 dəfə çox bakteriya olur. O, bunu əminliklə deyir. Çünki həm ofislərdə, həm də vanna otaqlarında illərlə tədqiqat aparıb və bu nəticəyə gəlib. Təsadüfi deyil ki, alim öz karyerasına tualetlə yayılan xəstəlikləri öyrənməklə başlayıb.


Gerba bildirir ki, iş yerlərindəki mikrobların belə çoxluğunun bir səbəbi onunla baglıdır ki, xadimələr və təmizliklə məşğul olan başqa şəxslər həssas elektron cihazlar hesab etdikləri telefon və kompyuter kimi avadanlıqlara əl vurmağa, deməli, silib-təmizləməyə o qədər də həvəsli olmurlar. Nəticədə telefonlar, klaviaturalar, kompyuter siçanları və onların altlıqlarının üstünə çoxlu bakteriyalar yığılır.


Qripin yayıldığı mövsümdə Gerba iş otaqlarının üst hissələrində, stolun, telefonun, klaviaturanın, kreslo qoltuqlarının, kitabların üstünün dörddə birindən çox hissəsində qrip virusları aşkar edib.


Gerba ofis mikrobları ilə bağlı başqa bir xarakterik xüsusiyyəti də qeyd edib. Qadın işçilərin stolları çox vaxt kişi həmkarlarınkından daha təmiz görünsə də, adətən bakteriyalarla dolu olur. Sən demə, qadınların iş stollarının siyirmələrində kişilərinkindən yeddi dəfə artıq mikrob olur.


Bunun əsas səbəbi onunla bağlıdır ki, kişilərə nisbətən qadınlar öz iş stollarında daha çox ərzaq saxlamağa meyllidirlər. Bundan başqa, qadınlar azyaşlı uşaqlarla təmasda olmağa daha həvəsli olurlar. Belə uşaqlar isə, Gerbanın fikrincə, «hərəkət edən mikrob fabriki» kimidir.


İş stolunun üstündəki mikrobların çoxluğu orda oturan adamın təkcə cinsindən yox, peşəsindən də asılıdır. Müəllimlərin iş yerlərində daha çox mikrob olur. Bu anlaşılandır, axı onlar uşaqlarla daha çox təmasda olurlar. Mühasiblərin, bankirlərin, radio DJ-lərinin iş stolları da yeyıb-içmək üçün yaxşı yer sayıla bilməz.


Bəs görəsən, iş stolunu ən təmiz saxlayan hansı peşənin sahibləridir? Yəqin düşünəcəksiz ki, bunlar həkimlərdir. Ancaq yox. Bunlar hüquqşünaslardır. Əsasən də kişi hüquqşünaslar. Onların iş stolu hamınınkından təmizdir.


XS
SM
MD
LG