Fevralın 19-da Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. Görüşdən sonra nazirlər birgə brifinq keçiriblər. Elmar Məmmədyarov deyib ki, görüşdə regional məsələlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq, enerji məsələsi, Dalıq Qarabağ problemi və İranın nüvə proqramı ətrafında yaranan problem müzakirə olunub. O, bildirib ki, İranla bağlı söhbətdə Azərbaycan məsələnin diplomatik yolla MAQATE çərçivəsində həllini istədiyini vurğulayıb.
Almaniyanın xarici işlər naziri Frank -Valter Ştaynmayer isə ikitərəfli və regional əlaqələr, Avropa ilə yeni qonşuluq siyasəti çərçivəsində vəziyyət və enerji sahəsində əməkdaşlıq məsələlərindən danışdı. O, dedi ki, alternativ enerji mənbəyi kimi Azərbaycanın Avropa ilə yaxınlaşması nəinki Almaniyanın, bütövlükdə Avropanın marağındadır.
Qonaq həmçinin bildirdi ki, fevralın 20-də Almaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 15 ili tamam olur.
Frank-Valter Ştaynmayer fevralın 18-də Bakıya gəlib. Bu gün onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub. Almaniyanın XİN başçısı fevralın 20-də Bakıdan Gürcüstana gedəcək. Onun regiona səfəri Ermənistanda başa çatacaq.