Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidməti sabiq Səhiyyə naziri Əli İnsanovun partiya ilə bağlı səsləndirdiyi fikirlərə münasibətini açıqlayıb. Hakim partiya İnsanovun ittihamlarının həqiqətə uyğun olmadığını bəyan edir və keçmiş nazirin bu hərəkətini törətdiyi ağır cinayətləri arxa plana keçirmək, həbsinə siyasi don geyindirmək cəhdi kimi qiymətləndirir: «YAP-ın maliyyə vəsaitləri yalnız üzvlük haqları hesabına formalaşır. Yeni Azərbaycan Partiyasının üzvlərindən heç kim, o cümlədən, sabiq Səhiyyə naziri Əli İnsanov partiyanın maliyyələşməsində üzvlük haqqını ödəməkdən savayı digər formada iştirak etməyib. Onun məhkəmədə Yeni Azərbaycan Partiyasını maliyyələşdirməklə bağlı söylədiyi fikirlər böhtan və siyasi şantajdan başqa bir şey deyil».
YAP Əli İnsanovun partiyanın İdarə Heyətində söylədiyi tənqidi fikirlərinə görə, həbs olunması barədə iddialarını da qəbul etmir.
Əli İnsanov fevralın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Yeni Azərbaycan Partiyasının yaramazlar partiyası olduğunu» və bu qurumu qazandığı pullar hesabına maliyyələşdirdiyini bəyan etmişdi.
Keçmiş nazir vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunur.