Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Ombudsman MTN-nin istintaq təcridxanasına baxış keçirib


Ombudsman Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasına baxış keçirib. Müvəkkil orada saxlanılan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və «Azpetrol» şirkətinin keçmiş prezidenti Rafiq Əliyevlə görüşüb. Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, müttəhimlər görüş zamanı ombudsmana saxlanılma şəraiti ilə bağlı şikayətlərinin olmadığını, təcridxanada onlara qarşı qeyri-qanuni rəftara, hər hansı zorakılığa yol verilmədiyini bildiriblər. Bununla belə Fərhad Əliyev istintaqın uzadılmasından narazılığını, ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, müstəntiqlər tərəfindən qanunvericiliyin tələblərinin pozulduğunu, həmçinin vəkillərindən birinin əsassız olaraq işdən kənarlaşdırıldığını bildirib. Keçmiş İqtisadi İnkişaf naziri səhhətinin qənaətbəxş olmadığını söyləyərək ombudsmandan stasionar rejimdə öz həkimi tərəfindən müayinə olunmasına imkan yaradılmasını xahiş edib.


Əli İnsanov da səhhətindən şikayətlənib və stasionar şəraitdə müalicə olunmasına köməklik göstərilməsini xahiş edib. Keçmiş səhiyyə naziri barəsində olan işə məhkəmədə ədalətlə baxılacağına ümid etdiyini bildirib.


Zemfira Məhərrəmli bildirir ki, ombudsman məsələ ilə bağlı MTN rəhbərliyinə müraciət edib. Bununla bağlı Ombudsman Aparatına MTN-dən verilən cavabda bildirilib ki, müttəhimlər özlərinin tövsiyə etdiyi həkimlərin iştirakı ilə yenidən müayinə olunublar. Hazırda onların stasionar şəraitdə müalicəsinə ehtiyac yoxdur.


XS
SM
MD
LG