Aprelin 1-dək Azərbaycan üzrə əhali abonentlərin sayğaclaşdırılması prosesi başa çatdırılacaq. «Azəriqaz» Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov deyir ki, hazırda bu istiqamətdə gərgin iş gedir: «Bakıda artıq abonentlərin 85 faizə qədəri sayğaclaşdırılıb. Fərdi evlərdə və bəzi rayonlarda geriqalmalar müşahidə olunur. Bunun da aradan qaldırılması üçün iş aparılır».
Cənab Məlikovun sözlərinə görə, prezident sayğaclaşdırılmanın aprelin 1-dək başa çatdırılmasını tapşırıb. Ancaq onlar işi Novruz bayramınadək yekunlaşdırmaq niyyətindədirlər.
Əlixan Məlikov deyir ki, yanvar ayında qazpulunun yığımında geriləmə müşahidə olunub. Yığım 40 faizə enib: «Ancaq bu, təbiidir. Hər ilin ilk ayında belə olur. Növbəti aylarda proses qaydasına düşür».