Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 21:31

«Azərbaycan təhsili cərrahiyə masasına yatırılsa, sağ çıxmaya bilər»


Cavanşir Quliyev: «Azərbaycan təhsili, o cümlədən ali təhsili tam yenidən qurulmalıdır»
Cavanşir Quliyev: «Azərbaycan təhsili, o cümlədən ali təhsili tam yenidən qurulmalıdır»

Azərbaycanda universitet təhsilinin səviyyəsini necə yüksəltmək olar? Ali məktəblər sovet təhsil sisteminin prinsiplərindən uzaqlaşıb, dünya standartlarına cavab verəcək səviyyəyə gəlib çatacaqmı? Hazırda Boloniya sisteminə keçmiş təhsil müəssisələrində yeni standartlara alışa bilirmi? Bu kimi suallara Şimali Kiprdəki Yaxın Doğu Universitetinin professoru, tanınmış bəstəkar Cavanşir Quliyev cavab verir.


-Müsahibələrinizin birində belə bir fikri vurğulamısınız ki, hər yerdə təhsilə, yəni oxumağa görə pul verirlər, amma bizdə oxumamağa görə. Bu fikri açıqlaya bilərsiniz?


-Söhbət sadə bir həqiqətin dilə gətirilməsindən, etirafından gedir. Yəni Azərbaycan təhsilində acı bir gerçək-rüşvət gerçəyi vurğulanır. Başqa sözlə, heç nə öyrənmədən və heç nə bilmədən Azərbaycan tələbəsi imtahan «verə» və «diplom ala» bilər. Bundan ötrü müəllimə və ya təhsil məmuruna bəlli miqdarda rüşvət vermək yetərlidir.


-Cavanşir bəy, Azərbaycanda universitet təhsiliylə yetərincə tanışsız. Çalışdığınız Yaxın Doğu Universitetiylə bizdəki ali təhsili müqayisə edərkən, tərəzi kimin xeyrinə əyilir və niyə əyilir?


-Tərəzi Quzey Kıprıs universitetlərinin xeyrinə, o cümlədən mənim çalışdığım Yaxın Doğu Universitetinin xeyrinə əyiləcək. O səbəbdən belə əyiləcək ki, orada müəllim tələbələrin biliyini, tələbələrsə müəllimin yarıtma dərəcəsini dəyərləndirirlər. Tələbə təhsilə pul verdiyindən məhz keyfiyyətli təhsil almaqda maraqlıdır. Deməli, hər hansı uğursuzluğunun səbəbini araşdıracaq və günahı müəllimdə görsə bunu mütləq dilə gətirib açıqlayacaq. Hər ilin sonunda tələbələr müəllimə qiymət verir və əslində onun taleyini həll edirlər. Bu baxımdan hər bir dərs müəllimdən ayrıca hazırlıq və məsuliyyət tələb edir.


-Boloniya prosesiylə nə dərəcədə tanışsınız? O prosesin özəlliklərini qısaca açıqlamaq imkanınız varmı? Məsələn, tələbə-müəllim münasibətləri baxımından...


-Çalışdığım Yaxın Doğu Universiteti, çox güman ABŞ və Avropa təhsil sistemlərini uzlaşdırır. Sözsüz ki, get-gedə «ümumavropa təhsil məkanı» bir tələb kimi aktuallaşdığından Quzey Kıprıs Türk Cümhuriyyəti də Boloniya prosesinə daha dərin diqqət yetirmək məcburiyyətində qalır. Bildiyiniz kimi, sözügedən Cümhuriyyətlə bağlı təcridlər təhsili əhatə edə bilməz. Buna görə də Quzey Kıprısdakı universitetlər (burada 6 yerli və 3 Türkiyə universitet filialı fəaliyyətdədir) Avropa universitet assosiasiyalarına can atır, öz təhsil sistemini və təhsilin keyfiyyətini ümumavropa standartlarına uyğunlaşdırır. Avropa Şurasından ayrıca auditorlar da çağırılır və onlar buradakı universitetlərin standarta uyğunluq dərəcəsi barədə rəsmi rəy hazırlayırlar. Quzey Kıprısın 1 universiteti Universitetlər Assosiasiyasının üzvüdür, yəni həmin universitetin tələbəsi, tutalım, İngiltərə universitetlərində magistratura təhsili ala və ya İngiltərədədən tələbə qəbulu edə bilər. Digər universitetlər, o cümlədən Yaxın Doğu Universiteti də artıq qəbul mərhələsini yaşayır. Türkiyə universitetləri həmin assosiasiyanın üzvüdürlər. Tələbəyə müəyyən fənn qruplarını əhatə edən bəlli kredit, yəni rəqəm toplusu verilir və bu tələbə təhsil müddətində həmin rəqəm toplusunu-krediti tükətməklə məşğul olur. Üstəlik, tələbələr digər ölkə və ya universitetdə təhsilini davam etdirmək, biliklərini artırmaq, dərinləşdirmək, özünü sınamaq imkanı qazanırlar. Müəllim-tələbə münasibətlərinə gəlincə, Avropada, eləcə də mənim çalışdığım təhsil ocağında təhsilin keyfiyyətinə nəzarəti məmurlar, vəzifəli şəxslər deyil, məhz tələbələrin özü gerçəkləşdirir. Müəllim nə dərəcədə tələbkar və bilikli olsa, tələbələr də onu o qədər yüksək qiymətləndirəcəklər. Təkrar edirəm, müəllim tələbələrin biliyini, tələbələrsə müəllimin yarıtma dərəcəsini dəyərləndirirlər.


-Bizdə universitet təhsilinin ən çox nəyə ehtiyacı var: tədrici müalicəyə, yoxsa təcili cərrahiyyə əməliyyatına? Yoxsa tam yenidən qurulmağa?


-Azərbaycan təhsili, o cümlədən ali təhsili tam yenidən qurulmalıdır, çünki cərrahiyə masasına yatırılsa, əməliyyatdan sağ çıxmaya bilər. Sovet təhsilinin qalığı olmaqdan yaxa qurtarmaq lazımdır. O təhsil doğrudan da səmərəli olsaydı, bu gün neftimizi özümüz çıxarmaq iqtidarında olardıq, yəni texnologiyamız və uyğun mütəxəssislərimiz olardı. Üstəlik, sovet təhsil sisteminə rüşvət də xas olub. Cəmiyyətdə rüşvət varsa, təhsilə məmur müdaxiləsinə yol verilirsə, o təhsil uğur gətirə bilməz. Sadəcə, buna qadir deyil və tam yenidən qurulmalıdır. Azərbaycan təhsili tam yenidən qurulmazsa, bu, dövlətin də çökməsinə aparacaq.


XS
SM
MD
LG